“Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- Kadi Borges
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan-Tovuz”a qarşı keçirilən matçda 3 aylıq fasilədən sonra meydana qayıdan Kadi Borges Futbolxeber.az saytına müsahibəsini verib.
- Müəyyən fasilədən sonra sizi yenidən meydanda gördük. Hazırda özünüzü necə hiss edirsiniz?
- Yaxşıyam, düzdür, hələ tam bərpa olunmamışam. Xırda ağrılarım olsa da, yavaş-yavaş düzəlirəm. Ümidvaram, qarşıdakı matçlarda daha yaxşısını edəcəm. İstənilən halda yenidən meydanda olduğum üçün şadam.
- “Turan Tovuz”la görüş (1:0) barədə nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Qarşımızda necə bir güclü rəqibin olduğundan xəbərdar idik. “Turan Tovuz” həm müdafiədə, həm hücumda inamlı oynadı. Dəfələrlə qapımız qarşısında təhlükəli vəziyyət yaratdılar. Düşünürəm ki, ümumilikdə yaxşı oyun keçirdik. Bu oyun boşluqlarda daha diqqətli olmağımıza bir həll yolu olacaq. Qalib gələ də bilərsən, uduza da bilərsən, amma əsas olan komandaya dəstəkdir. Belə komandalara qarşı oyun asan olmur.
- Kənardan belə təəssürat yaranırdı ki, sanki "Liverpul"a qarşı böyük hesablı məğlubiyyətdən sonra komandanın əhval-ruhiyyəsi aşağı idi...
- Belə deməzdim. Düzdür, 0:6 hesablı məğlubiyyətdən sonra güc toplamaq çətin olur. Amma biz adi, elə-belə komandaya qarşı oynamırdıq. Qarşımızda "Liverpul" var idi. Bizimlə matçdan sonra onlar "Nyukasl"a 4 qol vurdular. "Liverpul"a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq. Biz əhval-ruhiyyəni, düşüncəmizi həmişə yüksək saxlayırıq. Qarşıdakı matçlara fokuslanırıq.
- “Nyukasl” demişkən, pley-offda şansları necə dəyərləndirirsiniz? “Qarabağ” daha bir möcüzəyə imza ata bilər?
- Təbii ki, “Nyukasl”ın gücü hamıya məlumdur. Rəqib hər nə qədər çətin olsa da, əlimizdən gələni edəcəyik. Lakin hələlik həmin oyunlar deyil, qarşıdakı matçlar barədə düşünürük.
-Bəs sizin "Nyukasl"a qarşı oynamaq ehtimalınız var?
- İnşallah. Ümid edirəm, meydanda olacam (gülür).
- Qarşıda sizi "Şamaxı" ilə iki ardıcıl matç gözləyir. Həm kubok, həm çempionatda eyni rəqibə qarşı oynayacaqsınız...
- Elədir. “Şamaxı” heç də zəif rəqib deyil. Ona görə bizi qarşıda iki çətin matç gözləyir. Çalışacağıq, hər iki görüşdə qalib tərəf olaq və azarkeşlərimizi sevindirək.
FOTO: Firi Salim