Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
II Liqanın 2026-cı ildə keçirilən ilk turu yubileylərlə əlamətdar olub.
Sportliqa.az xəbər verir ki, XV turda fərqlənən Vidadi Cəfərov bu turnirdə 50-ci, Valeh Seyidov isə 30-cu qolunu vurub.
Vidadi “Quba”nın “Göygöl”lə səfər oyununda (2:0) komandasının ikinci qoluna imza atıb. O, “50”yə iki mövsümə çatıb. Ötən çempionat “Şəmkir”dəki 31 qolla II Liqanın bombardiri olan hücumçu bu mövsüm “Quba”dakı 19 topla hamıdan öndə qərarlaşıb.
Cəfərov PFL-in bayrağı altında 3-cü dəfə keçirilən II Liqada 50 və daha çox qol vuran 4-cü futbolçudur. Cavid İmamverdiyev 65, Tural Qurbatov 57, Elvin Nəsibov 51 topla onu qabaqlayır.
Valeh “Kür-Araz”la səfər matçında (4:2) het-trik edib. O, 2023/24 mövsümündə 16, ötən çempionatda 6, cari turnirdə 8 dəfə fərqlənib. Hücumçu “Dinamo”da 29, “Şimal”da 1 dəfə rəqib qapılarına yol tapıb. Seyidov PFL bayrağı altında keçirilən II Liqada 30 və daha çox qola sevinən 8-ci oyunçudur.