Kurban Berdıyev: "İddialı danışmaq üçün hələ çox tezdir"
Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Qarşılaşma "Turan Tovuz"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportliqa.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Həqiqətən çox çətin bir oyun izlədik. Matça kifayət qədər yaxşı başlamışdıq, lakin birinci hissənin ikinci yarısından etibarən üstünlüyü rəqibə verdik. Şükürlər olsun ki, ikinci hissədə üstünlüyü yenidən ələ keçirməyi bacardıq və vacib qələbə qazandıq".
Təcrübəli mütəxəssis komandanın turnir cədvəlindəki yeri və gələcək perspektivləri barədə təmkinli danışıb:
"Hazırda üçüncü pillənin sahibi kimi iddialı danışmaq hələ çox tezdir. Qarşıda bizi hələ çox oyunlar gözləyir".