Yuri Vernidub: "Fərqli hisslər keçirirəm"
Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçirilib. Matç "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportliqa.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyun haqda fikirlərini bölüşüb:
"Neftçi" azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda bundan əvvəlki uduzduğumuz oyuna görə də onlardan üzr istəyirəm. "Neftçi" elə komandadır ki, eyni səviyyədə oynamalı, pressinq etməli idi. Necə oynadığını gördüz və 1:5 uduzmuşduq. Bu oyundan nəticələr çıxardıq. Ona görə də bu gün pis oyun olmadı. Sizdən xahişim var ki, bu gün elə hisslər keçirirəm ki, olarsa, suallar verməyəsiz. Fərqli hisslər keçirirəm. Qarşıda 4 oyun var, nə qədər istəsəz, cavab verəcəm. Oyundan uzaqlaşmaq istəyirəm. Ümidvaram ki, anlayışla qarşılayarsız. Bu, heç də hörmətsizlik deyil, hamısına böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, gözəl suallar verirsiz, mən də səmimi cavablayıram. Bu oyun məni o qədər emosional yordu, suyumu çıxardı, ona görə də bu dəfə olmasa yaxşı olar. Hamınıza böyük hörmətlə yanaşıram inanın".