Azər Bağırov: “Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb”
“Kəpəz” klubu bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sumqayıt”la üz-üzə gəlib.
Sportliqa.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “sarı-göylər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun olduğunu bildirib:
“Mənim üçün maraqlı oyun oldu. Yaxşı başlaya bilərdik, amma epizodlardan yararlana bilmirik. Bəsit qollar buraxırıq. Ancaq futbolçularıma təşəkkür edirəm. Geridönüş edə bildilər.
Bundan başqa, azarkeşlərimizə, əsl gəncəli azarkeşlərə təşəkkür edirəm. Məğlub olanda belə, komandanı sona qədər dəstəklədilər. Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb. Qışda da oyunçu dəvət edə bilməmişik. Ehtiyat oturacağımız geniş deyil. Hansı ki, Ceferson getdi, bu da Azər Bağırovun səhvi deyildi. Hansı azarkeş ki, “istefa” çağıracaq, o mənim üçün önəmli deyil. Çünki onlar dırnaqarası azarkeşlərdir”.
Bağırov, komandasının oyunda qazandığı iki penalti haqda da fikirlərini bölüşüb:
“UEFA Çempionlar Liqasındakı penaltilərə baxsaq, onları dəyərləndirsək, hər şey bizə aydın olar”. (komanda.az)