"Kəpəz" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlrəin sualalrını cavablandırıb:
- Bizim üçün çox vacib oyun idi. Çal ehtiyatımızı artırmaq istəyirdik. Bura qələbə üçün gəlmişdik. Komanda birinci hissədə yaxşı oynadı. İlk hissədə biz daha üstün idik. İkinci hissənin əvvəlində üstünlüyü əldən verdik. Təəssüflər olsun. Məğlubiyyətlik oyun deyildi.
- Qələbə qazanmaq üçün nə çatmadı?
- Müdafiə planında elə bir problemimiz yoxdur. Buraxılan 13 top bizim kimi komanda üçün normaldır. Amma 5 qol vurmuşuq və bu, azdır. Hücum oyunçuları bir az artırmalıdır. Bir az təcrübə çatmır. Bir də futbolçuların qapını tapmaq problemi var.
- Martins və Şuaybunun oyununun alınmamasının səbəbi nədir?
- Keçən ilki "Şamaxı", "Səbail" yoxdur. Komandalar güclənib. Görünən odur kız güclü rəqiblərlə oynamaq üçün bir az da artırmaq lazımdır.
- Futbolçularınız ilk dəqiqələrdən vaxt uzadırdı. Bunun səbəbi nə idi?
- Murad Musayev bu sözü deyəndə böyük rezonans yaranmışdı. Martins zədələnmişdi. Hesabda geridə olan komanda vaxt uzadar? Qətiyyən vaxt uzatmırıq. Əgər üstünlüyümüz varsa, ilk hissədə niyə yerə yıxılmalıyıq? Əksinə, tempi qoruyub-saxlamalıyıq. Vaxt uzatmaq kimi taktiki gedişim yoxdur.
- Vurğun Hüseynovu meydanda nə vaxt görə biləcəyik?
- Vurğun bizim kapitanımızdır. Çalışırıq ki, ondan meydanın içində və kənarda istifadə edək. Hələ ki, meydanın içində faydalanmaq qismət olmayıb. Yeqor Xvalko və Elçin Əlicanov stabil oynayır. Onları dəyişsəm ədalətsizlik olar.
- Rəqiblər "Kəpəz"ə "asan yem" kimi baxır. Bu, sizdə təzyiq yaradır?
- Tək "Şamaxı" və "Səbail"i demirəm. Keçən ilki "Sumqayıt" da yoxdur. "Sumqayıt" səhv etmirəmsə, ötən mövsüm 16 tur qələbə qazana bilmədi. Keçən il 4-5 komanda ilə oynamaq olardı. "Turan Tovuz"u da bu siyahıya əlavə edirəm. Razıyam ki, "Kəpəz"ə zəif gözü ilə baxırlar. Amma hər şeyə rəğmən "Kəpəz" elə "Kəpəz"dir. İkinci dövrədə daha yaxşı olacağıq. Futbol ictimaiyyətində olan düşüncələri dəyişmək istəyirik.
- "Qarabağ", "Neftçi" və "Sabah"dan xal almısız. Bu, motivasiya ilə bağlıdır?
- Ən çox qol buraxdığımız komanda "Səbail"dir. Əksər oyunlarda minimal hesabla uduzmuşuq. Rahat təslim olan komanda deyilik. "Qəbələ"də köklü dəyişikliklər olub. Komandada futbolçuların özlərinə gəlməsi üçün vaxt lazımdır. Həmin şey bizdə də yaşanır. Keçən ilki heyətdən 5 oyunçu qalıb. Bizə də vaxt lazımdır. Hələ düşündüyümüz heyəti oynada bilməmişik. Hər oyuna eyni şəkildə hazırlaşırıq. Bugünkü oyun gələcəyə ümid verdi. Bizə yaxın olan komandalardqn xallar götürməyə borcluyuq.
- Gəncədə meydandan çox meydandan kənarda futbol oynanılır. Bu durum haqda nə deyə bilərsiniz?
- Gəncə azarkeşləri çox çılğındır. Həmişə "Kəpəz"in üst pillələrdə olmasını istəyirlər. Bu, çox yaxşı şeydir. Sadəcə bəzən reallıqla barışmaq lazımdır. Bugünkü "Kəpəz" üç il çempion olan "Kəpəz"ə yaxındır? Bizdə çox müsbət düşüncəli azarkeşlər var. Onlar da reallığı qəbul edir. Amma bu, o demək deyil ki, biz sonuncu yerdə olmalıyıq. Çalışacağıq ki, fanatların istəklərini yerinə yetirək.
- Mövsümün əvvəlində qarşınıza qoyulan hədəflə hazırkı durum üst-üstə düşür?
- Mövsüm başlayanda da hədəfimiz Premyer Liqada qalmaq idi, indi də. Premyer Liqada qalmaq o demək deyil ki, 9-cu yeri tutaq.
- Sizcə, "Kəpəz" Premyer Liqada qala biləcək?
- Bunun üçün çalışırıq. Düşünürəm ki, "Kəpəz" Premyer Liqadan düşməyəcək.