Azərbaycan millisinin növbəti rəqibi bəlli olub
Futbol üzrə Azərbaycan millisi bu il sentyabrın 23-də Bakıda Tacikistanın komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Rasim Mövsümov sosial şəbəkə hesabında məlumat verib. Xəbər Tacikistan Futbol Federasiyası tərəfindən də təsdiqlənib.
Sözügedən rəqiblə əvvəlki qarşılaşmalarda – 1993-cü ildə Tehranda beynəlxalq turnirdə və 2007-ci ildə Düşənbədə yoldaşlıq görüşündə Azərbaycan millisi qələbə qazanıb – 2:0 və 3:2.
Tacikistanla oyundan əvvəl – iyunda məşq toplanışı keçirəcək Azərbaycan millisi ayın 5-də Malta, 9-da isə San Marino komandaları ilə qüvvəsini sınayacaq. Bu matçlar Macarıstanda keçiriləcək.
Taciklərlə qarşılaşmadan sonra isə Azərbaycan millisi UEFA Millətlər Liqasının D liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva, daha sonra oktyabrın 1-də evdə Lixtenşteyn və 4-də isə yenidən Litva yığması ilə üz-üzə gələcək.