Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun müsahibəsini təqdim edirik:
- 2025/2026 mövsümünü başa vurdunuz. Bu münasibətlə sizi və kollektivinizi təbrik edirik. Bu mövsümü əvvəlkilərlə müqayisəli təhlil qaydasında necə dəyərləndirərdiniz?
- İlk olaraq, təbriklərə görə təşəkkür edirəm. Xüsusi minnətdarlığımı sizin simanızda bizimlə birgə olan, futbolumuzun zəhmətini çəkən jurnalistlərimizə çatdırmaq istəyirəm. Ümumilikdə əksəriyyət tərəfindən aldığımız geridönüşlərə əsasən də demək olar ki, bütün liqalarda maraqlı mövsüm izlədik. Bunları eşitmək xoş təəssürat yaradır.
Keçən mövsüm bitəndən sonra hamı bunun indiyə qədər ən maraqlı mövsüm olduğunu deyirdi. Bu il isə indiyə qədər ən maraqlı mövsüm olduğunu deyirlər. Biz buna sevinirik. Bu o deməkdir ki, biz düzgün istiqamətdə işləyirik və çempionat hər mövsüm getdikcə daha maraqlı olur. Ümumilikdə, 12 komandalı çempionat, I və II liqada sona qədər davam edən çempionluq və pley-off mübarizələrini qeyd etmək olar.
- Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi çempionatın səviyyəsinə necə təsir göstərdi?
- Həqiqətən bu mövsüm çox maraqlı keçdi. Lakin mən bunu legioner limitinin ləğvi ilə bağlamazdım. Klubların öz işlərinə daha peşəkar yanaşaraq oyunlara daha çox azarkeş cəlb etməkləri daha böyük rol oynadığını düşünürəm. Komandalar daha gözəl futbol sərgiləməyə başlayıblar. Məsələn, bu mövsüm hər hansı bir oyunun gedişatını və ya hesabını əvvəlcədən bilmək çox çətin idi. Hətta bu oyun çempionatın lideri və autsayderi arasındakı görüşü olsa idisə. Sürprizlər çox oldu. Komandalar xarakter göstərirdilər. Bu cür fəaliyyətlə, bu cür oyunla, düşünürəm ki, tezliklə komandalar tribunaları doldurmağı bacaracaqlar.
- Bu mövsüm son illərlə müqayisədə tamaşaçı bolluğu şəraitində keçən çoxsaylı oyunlarla da yadda qaldı. Bu amil işinizə necə təsir göstərdi və sizcə, komandalar azarkeşlərin zövqünə uyğun oyunlar sərgiləyə bildilərmi?
- Heç vaxt olmayanı xüsusi təqdim etmək kimi bir xarakterim olmayıb. Sualınıza cavab olaraq, bu məqama görə bir daha təşəkkür edirəm. Bəli, bu mövsüm bir çox matçlarda dolu tribunaları gördük. Sosial şəbəkələrimizdən, yutub səhifəmizdəki izləyici saylarından da sizə məlumdur ki, bir neçə dəfə istər izləyici, istərsə də real tamaşaçı baxımından rekord qırıldı. Sözsüz ki, demək olar boş tribunalar qarşısında keçirilən matçlar da var idi. Amma dolu tribunalar futbolçular kimi bizə də motivasiya verdi. Azarkeş olduğu zaman futbolun varlığı da hiss olunur.
- Mövsümün əvvəlində yeri futbolçuların oynadılması ilə əlaqədar təşviq mexanizmi tətbiq edildi. Bununla bağlı durum nə yerdədir?
- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026-cı illər mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiqliklə təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub “Qəbələ”dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri “Sumqayıt”, üçüncü yeri isə “Şamaxı” tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən “Karvan-Yevlax” klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Azərbaycan Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək.
- Mövsüm ərzində ən çox müzakirə olunan məsələlərdən biri də hakimlik oldu. Sələfiniz Ramin Musayev bildirir ki, onun vaxtında hakim təyinatları PFL-in səlahiyyətində olub. Bəs sizdən təyinat məsələlərində hansısa fikir öyrənilirmi? Düşünmürsünüzmü ki, oyunlara təyinatları AFFA və PFL koordinasiyalı qaydada aparmalıdır?
- Xeyr, Hakimlər Komitəsinin işinə biz müdaxilə edə bilmirik, bütün təyinatları onlar həyata keçirir. Lakin biz mütəmadi olaraq – ildə 1-2 dəfə görüş təşkil edirik və fikirlərimizi bölüşürük.
- Keçid pley-off oyunlarında üst liqa təmsilçilərinin qələbələri qeydə alındı. Bu amil belə qarşılaşmaların əhəmiyyətini azaltmır? Mümkündürmü ki, növbəti mövsümdən keçid pley-off oyunları ləğv olunsun və vəsiqələrin hamısı birbaşa olsun?
- Bəli, yekunlara baxdıqda üst liqalarda çıxış edən komandaların aşağı liqa təmsilçilərindən daha üstün olduqlarını gördük. Lakin əzmkar qələbəni yalnız “Qəbələ” komandası qazana bildi. Hər üç pley-off oyunlarında şəxsən iştirak etmişəm və deyə bilərəm ki, “Biləsuvar” və “Ağstafa Gəncləri” arasında keçən görüş hesabın 0-3 yekunlaşmasına baxmayaraq, çox gərgin oldu. Demək olar ki, hesab oyunu əks etdirmədi. “Biləsuvar” özü imkanlarını əldən verdi, qol imkanlarından yararlana bilmədi və nəticədə oyun bu hesabla bitdi. “Şimal” və “Qaradağ Lökbatan” arasındakı oyun isə əvvəldən axıra qədər bizi həyəcanda saxladı.
- Əvəzedicilər Liqasının ləğvi məsələsi hazırda müzakirə mövzusudur. Bu barədə sizin fikirləriniz necədir?
- Məncə, bu sualın komandalarda işləyən məşqçilərə verilməsi daha doğru olar. Biz onlarla əlaqədəyik və təxminən 80 %-in fikrincə Əvəzedicilər Liqasının keçirilməsi lazımdır. Əvəzedicilər Liqasının məqsədi, təbii ki, yeni oyunçuların yetişdirilməsi, əsas komanda oyunçularının zədədən sonra bərpası və s.-dir. Amma, məncə, yenə də bu suala məşqçilərin cavab verməsi daha məqsədəuyğun olar.
- Media ilə bağlı layihələriniz, xüsusən, Bölgə layihəsi yenə davam edəcəkmi və ya formasında hansısa dəyişiklik ediləcəkmi?
- PFL, məncə, jurnalistlərlə sıx əlaqədə olan qurumlardandır. Sizin və həmkarlarınızın zəhmətini bir daha vurğulamaq istəyirəm. Region layihəsi ən uğurlu layihələrimizdəndir. Bəli, növbəti mövsümdə də layihə davam etdiriləcək.
- I və II Liqa ilə bağlı hansı yeniliklər etmək niyyətindəsiniz?
- Biz artıq Premyer liqa, I və II liqalarda yeni mövsüm üçün hazırlıqlara başlamışıq. Maddi imkanlarımız əl versə I və II liqalarda çıxış edən komandalara əlavə bonuslarla dəstək olmaq istəyərdik.
- Son zamanlar PFL-in ləğv olunacağı və ya sizin postunuzdan ayrılacağınıza dair söz-söhbətlər dolaşır. PFL prezidenti seçkisi bu il olacaq. Belə söz-söhbətlərə münasibətiniz necədir? Yeni müddətə namizədliyinizi irəli sürəcəksiniz?
- Bütün bu şayiələrin işçilərimizin əhval-ruhiyyəsini aşağı salmaq məqsədi daşıdığını başa düşürük. Amma əvvəllər dediyim kimi, bizim peşəkar komandamız var. Mövsümün nəticələrinə əsasən, heç bir çatışmazlığın olmadığını görə bilərsiniz - hər şey plana uyğun getdi. Gələcəkdə də belə olacaq. İnanıram ki, Azərbaycan Futbol Federasiyasının rəhbəri Rövşən Nəcəf qalan sualları cavablandıraraq PFL-in ləğvi və ya islahatının gözlənilmədiyini söylədi. PFL-in səlahiyyətlərinin genişləndirilməsi və ya azaldılması mümkündür. Amma çox güman ki, düşünürəm ki, burada müzakirə olunan məsələ, xüsusən də infrastruktur məsələləri ilə bağlı səlahiyyətlərin genişləndirilməsidir. Prinsipcə biz artıq yeni mövsümün hazırlıqlarına başlamışıq və hələ ki, mən seçkilərdə iştirak etmək fikrindəyəm. İyulun 15-dək düşünmək üçün vaxtım var. Fikrimi dəyişsəm, bununla bağlı sizə də bildirərəm.
- Gələn mövsümlə bağlı hansı yeniliklər etmək fikrindəsiniz?
- PFL artıq 1 iyun tarixində yeni mövsümün hazırlıqlarına başlayıb. Hər şey İcraiyyə Komitəsinin qərarlarından da asılı olacaq. Ona uyğun olaraq yeni planlar, yeni addımlar atıla bilər.
Sportnet.az