“Şamaxı”nın və “Qəbələ”nin sabiq futbolçusu, hazırda İsrailin “Hapoel” (Hayfa) klubunda çıxış edən Felipe Santosun futbolinfo.az saytına müsahibəsi
– Son günlərdə dünyanın diqqəti müharibənin getdiyi İsrailə yönəlib. Orada vəziyyətiniz necədir? Həyatınız üçün təhlükə hiss edirsiniz?
– Çətin vəziyyətdir. Amma mən və ailəm üçün heç bir həyati təhlükə yoxdur. Bizimlə bağlı hər şey qaydasındadır.
– Hazırkı vəziyyətlə əlaqədar, İsraili tərk etmək haqqında düşünürsünüz, yoxsa oradan ayrılmaq fikrində deyilsiniz?
– Heç yerə getmək fikrim yoxdur, burada qalacağam. Müharibə getdiyini və bunun nə demək olduğunu başa düşürəm. Amma biz qalib gələcəyik. İsrail güclüdür və müharibədə qələbə çalmağa qadirdir.
– Futbolçu karyeranızı İsraildə davam etdirməkdən məmnunsunuz? “Hapoel”də sizi hər şey qane edirmi?
– İsraildə futbol oynadığım üçün çox xoşbəxtəm. Karyeramı burada davam etdirmək arzum idi. Şadam ki, bunu reallaşdıra bilirəm. “Hapoel” çılğın azarkeşləri olan, böyük klubdur. Hayfa təmsilçisində hər şey ürəyimcədir.
– Azərbaycanda “Şamaxı”dan sonra “Qəbələ”nin də aparıcı oyunçularından sayılırdınız. “Qırmızı-qaralar”ın ötən mövsüm ölkə kubokunu və avrokuboklara vəsiqə qazanmasında sizin də böyük rolunuz oldu. Yayda “Qəbələ”dən ayrılmağınız sırf maliyyə məsələsi ilə bağlı idi?
– Təəssüf ki, klub rəhbərliyi inanılmaz mövsüm keçirdiyimiz halda, öz oyunçularına dəyər vermədi. Mənə “Qəbələ”də qalmaqla bağlı təklif irəli sürmədilər. Buna çox üzülmüşdüm. Amma vacib olan daha yaxşısını tapmaq idi ki, buna da nail oldum.
– Sizin və digər futbolçuların gedişindən sonra “Qəbələ” Konfrans Liqasında “Omoniya”nı keçə bilmədi, üstəlik, cari mövsümə uğursuz başladı. Sabiq komandanız çempionatda 9 oyundan sonra cəmi 7 xal toplayıb və hazırda turnir cədvəlində 9-cudur…
– Nəticələrdən xəbərim var. Çünki “Qəbələ”ni və Azərbaycan çempionatını izləyirəm. “Qəbələ”nin vəziyyəti yaxşı deyil. Bunun da səbəbləri var. Yayda komandanın əsas heyət üzvlərinin çoxu ayrıldı. Əvəzində klub eyni keyfiyyətdə futbolçular transfer etmədi. Keçən mövsüm biz mümkün olandan, yəni bacarığımızdan artığını etdik. Həm ölkə kubokunu qazandıq, həm də avrokuboklara vəsiqə əldə etdik. Onu da nəzərə almaq lazımdır ki, biz bu uğura geniş heyətimiz olmaya-olmaya imza atdıq. Bu gün isə klubu çətin vəziyyətdə görürəm, nəticələr ürəkaçan deyil. Ümid edirəm ki, çətin durumdan çıxaraq turnir cədvəlində yuxarı pillələrə qalxacaqlar.
– Azərbaycandakı karyeranızı necə dəyərləndirirsiniz?
– Azərbaycan Sloveniyadan ayrıldıqdan sonra məni salamlayan ölkə oldu. Bu fürsəti qazandığıma görə çox minnətdaram. Azərbaycanı ömrümün sonunadək unutmayacağam.
– Azərbaycan və İsrail çempionatları arasında hansı fərqlər mövcuddur?
– İsrail çempionatı daha güclüdür. Burada səviyyəli, avrokuboklarda yaxşı çıxış edə biləcək komandaların sayı çoxdur. Amma bunu deməklə Azərbaycan çempionatının səviyyəsini aşağılamaq istəmirəm. Azərbaycan Premyer Liqasını da bəyənirəm, orada da yaxşı komandalar var. Karyeramın 2 ilini ölkənizdə keçirdim. İsraildə isə cəmi 4-cü ayımdır. Lakin bu müddət mənə bəs edir ki, iki çempionat arasındakı fərqi görüm. İsrail liqasının səviyyəsi daha yuxarıdır.
– Yenidən Azərbaycan çempionatında oynamaq istərdiniz? Yaxşı təklif alsanız, ölkəmizə qayıtmaq ehtimalınız varmı?
– Bilmirəm… Bu gün bütün diqqətimi “Hapoel”ə yönəltmişəm. Karyeramı İsraildə davam etdirməyə fokuslanmışam. Amma bilirəm ki, Azərbaycanda qapıları üzümə açıq buraxmışam və bir gün geri dönsəm, bu, daha sərfəli təklif alacağım halda ola bilər. Qayıtsam, yenidən ölkənizdə adımdan söz etdirməyi bacaracağam.