"Neftçi"nin sabiq məşqçisi, futbol mütəxəssisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ"ın "Hekken"lə matçdan sonra yorğunçuluğa görə "Neftçi" ilə matçda çətinlik çəkəcəyi ehtimal edilirdi. Lakin tam əksi baş verdi. "Qarabağ"ın "Neftçi" ilə matçdakı çıxışını necə dəyərləndirirsiniz?
- Bəli, "Qarabağ" çətin İsveç səfərindən üç gün sonra "Neftçi" ilə oyuna çıxmışdı. Düşünmək olardı ki, "Qarabağ"a asan olmayacaq. Əsas heyətin 5 futbolçusu oynamırdı. Bu itkilərə, yorğunçuluğa rəğmən "Neftçi" ilə matçda çox üstün oynadılar və belədə, qalib gəldilər. Bununla da, “Qarabağ”ın “Neftçi”dən nə qədər üstün olduğuna şahidlik etdik.
- "Neftçi" "Qarabağ" önündə heç nə edə bilmədi. Yəqin ki, nəticəni ədalətli hesab edirsiniz?
- Bəli, hesab ədalətli idi. Çünki "Neftçi" "Qarabağ"ın qapısı qarşısında heç bir təhlükəli vəziyyət yaşamadı. "Qarabağ"ın qələbəsi tam ədalətli idi.
- Səncə, niyə "Neftçi" "Qarabağ"a qarşı matçda uğurlu gedişlə, hansısa təhlükəli hücumlarla yadda qalmadı?
- "Neftçi" yorğun "Qarabağ"ın qapısı qarşısında 100 faizlik təhlükəli vəziyyət yarada bilmədi. Hələ “Qarabağ”da bəzi futbolçular yox idi. Ən əsası, mərkəz müdafiəçiləri – Bəhlul Mustafazadə, Bədavi Hüseynov və Kevin Medina bu görüşdə çıxış etmədi. Bu qədər yeni transfr edən "Neftçi"nin "Qarabağ"ın qapısı qarşısında bir təhlükəli vəziyyət belə yarada bilməməsi acınacaqlı durumdur. Edilən transferlər qənaətbəxş deyil, “Neftçi”də irəliyə doğru addımlar atılmayəb.
- Ümumiyyətlə, "Neftçi"nin bu mövsümkü durumunu necə dəyərləndirirsiz? Sanki Laurentsiu Regekampfın başçılıq etdiyi "Neftçi" ilə Mutunun komandası arasında elə də böyük fərq görünmür...
- Bəli, heyət genişdir. Amma oyun planında ötən mövsümkü “Neftçi”dən elə də fərqlənmir. Bu mövsüm çox transferlər edildi, yeni məşqçi gəldi. Amma “Neftçi”nin ifasında maraqlı, gözə xoş gələn futbol izləmirik. Oyun planında dəyişiklik yoxdur, sadəcə heyət fərqlənir.
- Adrian Mutu mövsümün gedişində "Neftçi"ni pik nöqtəyə çatdırıb, yüksək yerlərə çıxara biləcək, yoxsa onunla yola davam etmək sadəcə vaxt itkisidir?
- Son oyundan Adrian Mutunun dedikləri heç də xoş qarşılanmadı. Bir növ özünü qorumaq üçün bəhanələr sadalamağa, bəhanələr gətirməyə başladı. Bu da heç yaxşı bir şey deyil. Ondansa, fikrini komandaya yönəldib, daha səylə çalışıb, ortaya “Neftçi” adına layiq iş qoysun. Oyunçu seçimi, oyun planında dəyişiklik yoxdur. Hər halda, yeni transferlər komandanın gücünə güc qatmayıbsa, demək ki, yalnışlıqlar var. Adrian Mutu gələcək üçün qığılcım vermir ki, “Neftçi” haqda ümidli danışaq.