“Qarabağ”ın forvardı Redon Cicanın futbolinfo.az saytına müsahibəsi
– “Neftçi” üzərində qələbə qazanmaqla qələbə seriyasını davam etdirirsiniz. Açığı, sizə tək müqavimət göstərən komanda kimi Bakı klubu görülür. Amma “Qarabağ” derbidə “ağ qaralar”a heç şans yaratmadı…
– Son oyunlarda yaxşı nəticələr qazanırıq. Ardıcıl qələbələrimiz var. Mövsümə qeyri-sabit çıxışla start vermişdik. Lakin vəziyyəti dəyişə bilmişik. Son qarşılaşmada da bunu bacardıq. Derbi matçları həmişə çətin olur. 3 xal əldə etdik və ümid edirəm ki, davamı gələr.
– Zədədən qayıdan kimi qol vurdun…
– Mövsümə yaxşı başlamışdım, avrokuboklarda fərqlənirdim, qollar vururdum. Sonra zədəm mənə mane oldu.
– “Neftçi” ilə matçda bu mövsüm çempionatdakı ilk qolunu vurdun. Davamı üçün nə lazımdır?
– Zədədən qayıtdım və baş məşqçi mənə meydana çıxmaq şansı yaratdı. Əlimə düşən fürsətdən istifadə edib qol vurdum. Düşünürəm ki, bunun davamını gətirmək lazımdır.
– Bu mövsüm Premyer Liqada 100-cü qolun da müəllifi olduğunu bilirdin?
– Açığı, bunu bilmirdim, sizdən öyrəndim. İstənilən halda xoşdur, yaxşı haldır. Amma daha xoş olan isə komandamızın bu cür görüşdən qalib ayrılmasıdır. 3 xal əldə etmək daha vacibdir.
– Milli komandalar üçün sentyabrın əvvəlində yaranan fasiləyə qədər “Qarabağ” qeyri-sabit çıxış edirdi, amma həmin fasilədəki məşqlərdən sonra komanda birdən-birə yüksəliş əldə etdi. Yenə də yığmalara görə fasilə yaranacaq. Düşünmürsən ki, fasilə komandanın yaxaladığı yüksək tempə əngəl ola bilər?
– Düşünürəm ki, bu fasilə milli komandalara getməyən oyunçular üçün istirahət olacaq. Düzdür, yığmada oynayacaq oyunçular sıx qrafiklə üzləşəcəklər. Amma klubda qalanlar daha çox məşq edəcək, vaxtımız olacaq.