Azərbaycan milli komandasının sabiq üzvü, futbol mütəxəssisi Yunis Hüseynov Sportliqa.az saytına müsahibə verib:
- Millimizin Estoniya ilə oyunundan nə gözləyirsiz?
- Evdə estonlarla heç-heçə etmişik. Amma oyun səviyyəsinə görə millimiz onlardan daha üstün idi. İnanmıram ki, komandamız səfərdə qələbə qazanacaq. Milli Belçika ilə matçda pis təsir bağışlamadı. Ardınca İordaniya üzərində yoldaşlıq oyununda qazanılan qələbə komandaya ruh yüksəkliyi verdi. Buna görə də deyirəm ki, millimiz səfərdə layiqli oyun göstərəcək və nəticədə qalib gələcək.
- Bəs Avstriya ilə matçdan gözləntiniz nədir?
- Qrupun favoriti Avstriya və Belçikadır. Liderlik uğrunda mübarizə bu iki komandanın arasında gedir. Avstriya həqiqətən də güclü komandadır. Bunu digər rəqiblərlə səfər oyunlarında da göstərib. Mənə elə gəlir ki, millimizin Estoniya ilə görüşdə əldə edəcəyi nəticə bu oyuna da təsir edəcək. Komanda səfərdən qələbə ilə dönsə, evdə daha yaxşı təsir bağışlayacaq. Millinin bu iki oyunda 4 xal qazanacağını ehtimal edirəm. Avstriya ilə matç çox çətin olacaq. Estoniya ilə səfər oyunundan çox şey asılıdır. Ümumi götürəndə Avstriya ilə qarşılaşmanın favoriti rəqibdir. Onlar çalışacaqlar ki, xal itirməsinlər. Qrup liderliyini əldən vermək istəmirlər. Millimiz bir xal qazansa, qələbəyə bərabər olacaq.
- Əvvəllər Canni De Byazi deyirdi ki, legioner həyatı yaşayan azərbaycanlı futbolçuların sayı azdır. İndi isə artıq millinin bir neçə üzvü ölkə xaricində çıxış edir. Sizcə, bu, komandanın oyununa təsir edəcək?
- Əlbəttə ki, təsir göstərəcək. Sizə öz karyeramdan bir misal çəkim. Bizim vaxtımızda Vəli Qasımov milliyə İspaniyadan, Nazim Süleymanov, Emin Ağayev, Deni Qasyumov Rusiyadan gəlirdi. Kənardan gələn oyunçuların yığmaya xeyri çox dəyirdi. Onlar fiziki cəhətdən bizdən qat-qat üstün olurdular. Oynadıqları çempionatların səviyyəsi, şəraitləri yaxşı idi. Buna görə də həmin futbolçular daha yaxşı görünürdülər. Ramil Şeydayev Rusiyadan təzə gələn vaxtlarda millidə qollarını sıralayırdı. Amma Azərbaycan çempionatına gələndən sonra səviyyəsi aşağı düşdü, oyununda geriləmə hiss olundu. Bu gün də futbolçularımızın xarici ölkələrdə oynaması yaxşıdır. Yaxşı futbolçunu məşqçi heç vaxt kənarda saxlamaz. Legioner həyatı yaşayan oyunçularımızın özlərini yaxşı tərəfdən göstərməsi milliyə müsbət təsir edəcək. Futbolçularımızın çıxış etdiyi çempionatlar daha səviyyəlidir, temp yüksək olur. Bu da oyunçuların səviyyəsinin artmasına səbəb olur.
ŞAHİN