“Qarabağ”ın legioneri Patrik Andrade Sportinfo.az-a müsahibə verib. Kabo-Verde millisinin şərəfini qoruyan yarımmüdafiəşi “Neftçi” ilə oyun (2:0) haqda sualları cavablandırıb.
- “Neftçi” kimi prinsipial rəqibi udmağın xüsusi həzzi var?
- “Hekken”lə oyundan sonra bu matça hazırlaşmaq üçün 1-2 gün vaxtımız olmuşdu. Vaxtımız az olsa da, hər kəs məsuliyyəti dərk edirdi. Yaxşı hazırlaşmışdıq, məqsədimiz qalib gəlmək idi. Çətin oyunda qələbə qazanmaq əhvalımızı bir az da yüksəltdi.
- “Neftçi”ni məğlub etməklə “Sumqayıt”ı, yaxud “Kəpəz”i udmaq arasında fərq var? Prinsipiallıq baxımından deyirəm.
- Təbii ki, “Neftçi” “Qarabağ” üçün xüsusi rəqibdir. Ancaq “Qarabağ”da mentalitet elədir ki, hansısa rəqibə qarşı ayrıca hazırlaşmaq planı yoxdur. Hoca (Qurban Qurbanov – H.) belə şeyləri sevmir. Rəqibin adından asılı olmayaraq hər görüşdə məqsədimiz qalib gəlməkdir. Qələbələr arasında isə fərq olmur. Çünki istənilən halda 3 xal qazanırsan.
- Avropa Liqasının qrup mərhələsində onminlərin qarşısında “Molde”, “Hekken” kimi komandalara qarşı oynayandan sonra daxili çempionatda oyuna çıxmaq çətin olmur ki?
- Nə mənada?
- Ajiotaj, azarkeş sayı, nəticənin vacibliyi mənasında deyirəm.
- Bəlkə də hansısa mənada fərq var. Amma baş məşqçinin fəlsəfəsi elədir ki, bu cür şeylərə imkan vermir. Onun üçün çempionatın fərqi yoxdur. Qarşıda oyun varsa, lazım olan şəkildə hazırlaşıb, verilən tapşırıqları yerinə yetirib, hədəfə çatmalıyıq. Azərbaycan çempionatına xüsusi diqqət yetirməsək, avrokuboklardakı motivasiyamız da yerində olmaz.
- “Qarabağ”dakı ilk dönəmdə “11-liy”in dəyişməz üzvlərindən olsan da, qayıdışından sonra əsasən əvəzedici statusu daşıyırsan. Bu, sənə necə təsir edir?
- Çox yaxşı heyətimiz və ideal “11-liy”imiz var. Komanda uğurlu çıxış edirsə, əsas heyəti dəyişməyin adı yoxdur. Orta xətdə yer alanlar verilən tapşırıqları artıqlaması ilə yerinə yetirirlər. Mən isə məşqlərimi edib, zamanımı gözləyirəm. Nə vaxt şans verilirsə, bacardığımın ən yaxşısını etməyə çalışıram.