Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah səfərdə Estoniya yığmasının qonağı olacaq. Milli komanda ilə səfərə yollananlar arasında olan AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablayıb.
- Estoniya ilə oyunun nəticəsi De Byazinin gələcək taleyinə necə təsir edəcək?
- Bir müddət öncə komandamız 5 oyunda ardıcıl qələbə qazanmışdı. Lakin bir müddət sonra nəticələr neqativ yöndə getdi. Belə olanda məşqçidən hesabat tələb olundu. Bu seçmə mərhələnin sonunda da İcraiyyə Komitəsinin iclasında məşqçidən hesabat istəniləcək və digər məsələlər müzakirə olunacaq.
- Sabah Estoniyaya uduzsaq, sonuncu pillədə qalacağıq. Bundan sonra növbəti oyuna millinin başında De Byazini saxlamağa dəyərmi?
- Həqiqətən, hazırkı heyət son dövrlərin seçilən heyətlərindən biridir. 26 nəfərdən 10-u legionerdi. Son illər belə şey olmamışdı. Heyətimiz yaxşıdır. Müsbət dinamikanın da onların legioner həyatı yaşamasında rol oldu. Sabah ancaq və ancaq qələbəyə oynamalıyıq. Əminəm ki, futbolçular da əlindən gələni edəcək. Bərabərlik və ya məğlubiyyətə haqqımız yoxdur. Digər rəqiblərlə döyüşmək, qələbə qazanmaq lazımdır. Amma reallıqları da unutmamalıyıq. Məncə, sabahkı oyundan öncə məşqçi haqqında danışmaq düzgün deyil. Nətiəcəyə görə hesabat dinlənəcək və ona görə qərarlar veriləcək. Prosesə uyğun olmalıdır hər şey. Məğlubiyyət olacağı halda digər üç oyunu müvəqqəti kiməsə tapşırmaq da məqsədə uyğun deyil.
- Növbəti oyunlara heyəti gəncləşdirib, gələcək perespektivləri düşünmək olmaz?
- Mübahisəli məqamdır. Bəlkə, sözünüzdə həqiqət var. Amma rəqiblər elədir ki, heyəti formalaşdırmaq asan deyil.
- AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elxan Məmmədovun sabahkı oyunda olması gözlənilmir. Səbəbin bilmək olar?
- Rövnəq Abdullayevin bura gəlməsi nəzərdə tutulmuşdu. Bilirsiniz ki, Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Müəyyən qrafik sıxlığına görə komanda ilə gələ bilmədi. Amma bu gün kollektovlə görüşümüz oldu və Rövnəq müəllim telefon bağlantısı ilə əlaqə saxladı. Komandaya müəyyən sözlərini çatdırdı.
- Mükafat vəd verdi?
- Məsələ sırf mükafat deyildi. Əsas məqsəd dəstək olmaq idi.
- Bəs Elxan Məmmədov niyə olmayacaq?
- Elxan Məmmədovun görüşə gəlməsi öncədən də nəzərdə tutulmayıb.
- Demək olarmı ki, belə məqamda rəhbərliyə də millinin gələcək taleyi əhəmiyyətsizdir?
- Deməzdim ki, birmənalı şəkildə komandanın taleyi maraqlı deyil. Ən azından Rövnəq müəllim əlaqə saxladı, dəstəyini göstərdi. Səfəri isə son anda alınmadı.
- Elə bir təəssürat yaranır ki, sanki AFFA rəhbərliyində oturanlar arasında sabah millinin böyük hesabla məğlubiyyətin arzulayanlar var?
- Çətin sualdı. Açığı, düşünmürəm ki, konkret belə adamlar var.
- Özbəkistanda Elxan Məmmədovla heç bir söhbətiniz olmursa, bunun başqa adı yoxdur...
- Orada hər nümayəndənin öz sferasına görə öz işi vardı. Görüş əsnasında digər məsələlər barədə danışmağa zaman olmadı.
- Elxan müəllim özü bildirmişdi ki, mənim beynəlxalq təcrübəmdən faydalana bilərsiz. Sizin bu baxımdan ona hər hansı müraciətiniz oldumu?
- Xeyir, mən müraciət etmədim.
sportinfo.az