"DÇ-2026 futbolun gələcəyi üçün qalıcı irs qoyacaq"
- Elxan Məmmədov:
FİFA-nın Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov 2026-cı il dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, hər dünya çempionatı müzakirələr və böyük maraq doğursa da, sonda əsas sözü futbolun özü deyir.
Məmmədovun sözlərinə görə, FİFA-nın 211 üzv assosiasiyası ilə işləməsi ona müxtəlif konfederasiyalardan futbol rəhbərlərinin fikirlərini birbaşa eşitmək imkanı verir və onların ortaq qənaəti futbolun qlobal miqyasda inkişaf etməsidir.
O vurğulayıb ki, FİFA prezidenti Canni İnfantinonun məqsədi hər dünya çempionatından sonra uzunmüddətli irs formalaşdırmaqdır. Bu baxımdan, FIFA Forward proqramı çərçivəsində yarışlardan əldə olunan gəlirlər yenidən üzv assosiasiyalarda futbolun inkişafına yönəldilir.
Məmmədov qeyd edib ki, bu vəsait hesabına bir çox ölkədə futbol akademiyaları yaradılıb, gənclər və qadın futbolu inkişaf etdirilib, infrastruktur gücləndirilib və gələcək nəsillər üçün daha geniş imkanlar açılıb. Onun fikrincə, bunun nəticəsində beynəlxalq futbol əvvəlkindən daha rəqabətli olub.
"Bu gün artıq asan oyun yoxdur və bu, futbol üçün müsbət haldır. Bir vaxtlar autsayder sayılan komandalar indi ən güclü rəqiblərə son dəqiqələrədək ciddi müqavimət göstərirlər", – deyə o əlavə edib.
Elxan Məmmədov həmçinin xatırladıb ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı da yarışdan əvvəl tənqidlərə məruz qalsa da, sonradan tarixin ən uğurlu mundiallarından biri kimi qiymətləndirildi. Onun sözlərinə görə, DÇ-2026 da eyni yolu keçir və həm meydandakı yaddaqalan anlar, həm də futbolun gələcəyinə verəcəyi töhfə ilə yadda qalacaq.
Sonda Məmmədov bildirib ki, bu dünya çempionatının ən böyük uğuru kuboku qazanan komanda deyil, milyonlarla gəncə ilham verməsi və dünya futbolunun gələcəyini daha da gücləndirməsi olacaq.