Estoniya milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Azərbaycan seçməsinə 0:2 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, matçdan sonra estonların baş məşqçisi Tomas Heberli açıqlama verib:
"Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir. Düşünürəm ki, gözləntilər və reallıq bir-biri ilə üst-üstə düşmür. Komandamız sona qədər döyüşdü. Amma haradan gəldiyimizi düşünməliyik. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik. Birinci hissədə iki qol buraxmaq çox idi. Pis oynamadıq, şanslarımız oldu. İkinci hissədə daha yaxşı çıxış etdik. Amma qol vurmasanız, vəziyyəti dəyişməyiniz mümkün deyil. Hələ püşkatma zamanı beşinci səbətdə idik. Yəni güclü qrupa düşdüyümüzü öncədən bilirdik. Noyabrda Avstriya və İsveçə qalib gəlsək, hər kəs komandanın tarixindəki ən mühüm qalibiyyətdən bəhs edəcək. Belə ağ-qara yanaşma kifayət qədər bezdiricidir".