"Qarabağ"ın futbolçusu Mateus Silvanın müsahibəsi:
- "Neftçi" səfərindən qələbə (2:0) ilə döndüz. Fikirlərin nədir?
- Ümumiyyətlə, oyunun böyük maraqla gözlənildiyini bilirdik. Rəqibin evində təhlükəli olduğundan xəbərdar idik. Baş məşqçinin bizdən istədiklərini yerinə yetirdik və qələbə qazandıq. Bunun üçün xoşbəxtik.
- İlk dövrəni 19 xalla ikinci sırada, lider "Zirə"yə şərik bitirdiz...
- Liderlə xalımız eynidir. Mövsümə qeyri-sabit başladıq və ona görə indi xallar bərabərdir. İndi qarşımızda olan vahid lider olmaqdır. Sabit oyunumuz və qələbələrimiz bizi zirvəyə aparacaq.
- Mövsümə xal itkiləri ilə başlamağınıza səbəb nə oldu?
- Komandanın oyununu tapması üçün vaxta ehtiyacı var idi. Qurban Qurbanovun səyləri nəticəsində bunu tez həll etdik. Artıq sabit oyunumuzu oynayırıq. Qələbələrimiz də bundan irəli gəlir.
- Yaxşı forma yığmısız, lakin indi bir həftəlik fasilə var. Bu, komanda üçün faydalı olacaq?
- Sıx qrafikdən sonra bir neçə gün istirahət pis deyil, yerinə düşür. Düzdür, bu, milliyə gedən oyunçulara aid deyil. Lakin bizdə də 2-3 gün istirahət olacaq və sonra işimizə qayıdacağıq. İşimiz belədir, çox ara vermək olmaz. Fasilə yerinə düşdü.
- Avropa Liqasında iki oyundan sonra maksimum nəticə əldə etmisiz. Növbəti rəqib isə həm qrupun, həm də Bundesliqanın lideri "Bayer"dir...
- "Bayer"in hansı vəziyyətdə olması onların uğurlu trayektoriya cızdığından xəbər verir. Çətin və maraqlı oyun olacaq. Təbii ki, çoxları "Bayer"i daha üstün sayır, lakin biz də "Qarabağ"ıq. Əlimizdən gələni edəcəyik.
- Marko Veşoviçin yoxluğunda əsas heyətin dəyişilməz adına çevrilmisən. Komanda yoldaşın zədəsini sağaldıb və sıralara dönməyə axındır. "11-lik"dəki yerini itirməkdən narahat deyilsən?
- Veşoviçin yaxşı futbolçu olduğunu bilirəm və komandada parlaq oyunlar keçirib. İndi zədəsini tam sağaltmaq üzrədir. Potensiallı oyunçudur, rəqabətə hazıram. Sağlam rəqabətdən komanda, "Qarabağ" udacaq. Veşoviçin qayıtmasına sevinirəm və özümü rəqabətə hazır hiss edirəm.
- "Qarabağ"la hədəflərin nədir?
- "Qarabağ"la çempion olmaq istəyirəm. İkincisi də Avroliqada addım-addım getmək, daha çox yol qət etməkdir. İki oyunda maksimum nəticə göstərməyimiz iştahamızı artırır. "Qarabağ"la avrokuboklarda uğur qazanmaq istəyirəm. Ümid edirəm ki, mümkün qədər irəli gedərik.
- Azərbaycan Premyer Liqasında səni təəccübləndirən nələr olub?
- Azərbaycan çempionatı yaxşı mənada təəccübləndirdi. Burada vaxt keçirməklə qələbə qazanmaq olmur, ani boşluq cəzalanmağına səbəb olur. Hər komanda bir-birindən xal ala bilir. Oyunlar maraqlı keçir. Azərbaycan çempionatı yaxşı mənada təəccübləndirdi.
futbolpress.az