Azərbaycan millisinə seçimlər davam edir
22-31 oktyabr 2026-cı il tarixlərində ölkəmizdə keçiriləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.
Sportliqa.az AFFA-ya istinadla xəbər verir ki, 21-23 avqust tarixlərində AFFA-nın təşkilatçılığı ilə üçgünlük seçim turniri keçirilib. Turnirdə ötən mövsümü ilk yeddi pillədə başa vuran klublarla yanaşı, “Turan Tovuz” və “Kəpəz” komandaları da iştirak edib.
Seçimlər AFFA-nın texniki direktoru Edmond Klausun rəhbərliyi, Məşqçilər Komitəsinin üzvləri, futbol mütəxəssisləri və Futbolun İnkişafı Departamentinin əməkdaşlarının iştirakı ilə keçirilib. Seçim turnirinin yekunlarına əsasən “Neftçi” qalib olub. “Sabah” ikinci, “Qarabağ” isə turniri üçüncü pillədə başa vurub.
Növbəti mərhələdə digər klubların da seçim prosesinə cəlb olunması nəzərdə tutulur. Həmin klublar 2011-ci il təvəllüdlü futbolçular üçün avqustun 28-də, 2012-ci il təvəllüdlü futbolçular üçün isə avqustun 29-da keçiriləcək seçimlərə hər yaş qrupu üzrə milli komandada oynamaq potensialına malik üç ən yaxşı futbolçunu təqdim edəcəklər. Seçim prosesinin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları müəyyənləşdirmək və U-15 dünya çempionatı və festivalında Azərbaycanı layiqincə təmsil edəcək güclü milli komanda formalaşdırmaqdır.