"Daha güclü “Şəfa” görəcəyik"
– Zaur Həşimov
“Şəfa” klubunun baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 6-cı turunda “Qarabağ”a 0:1 hesablı məğlubiyyəti şərh edib.
Sportliqa.az xəbər verir ki, mütəxəssis futbolçularından razı qaldığını deyib:
"Ümumilikdə, oyun bizim üçün pis keçmədi. Penalti epizoduna qədər “Qarabağ”a yüzfaizlik qol imkanları yaratmağa, demək olar ki, imkan vermədik. Uğurlu hücum təşkil edib qol vuracağımıza ümid edirdik. Ən azı bir xal qazanacağımızı düşünürdük – bu, bura gələndə qarşımıza qoyduğumuz minimum məqsəd idi. Futbolçularımdan razı qaldım və onlara təşəkkür etdim. Bundan əlavə, üç gün əvvəl keçirilən “Sabah”la oyun komandadan çoxlu fiziki güc aldı. Bütün bu halları nəzərə alaraq, komandamdan razıyam".
- Növbəti oyununuz “Turan Tovuz”a qarşı olacaq...
- Qarşıda milli komandaların oyunları ilə əlaqədar fasilə var. Üç həftəmiz olacaq. Bütün komandalar bu qrafik üzrə oynayacaqlar. Belə rəqiblərlə oyunlarda da xal toplamaq istəyirik. Əvvəlki rəqiblərimizin hər biri bizimlə görüşənədək avrokuboklarda bir neçə oyun keçirmişdi. Bu gün komandamız da layiqli müqavimət göstərdi. Üç həftəmiz var. “Turan Tovuz”la oyunda daha güclü “Şəfa” görəcəyik.