“Milli baş məşqçi tərəfdən axsayır”.
Sportliqa.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev AVRO-2024-ün seçmə mərhələsində göstərilən nəticələrə münasibət bildirərkən deyib.
Keçmiş hücumçu tsikldə hesabına cəmi 4 xal yazdıran yığmanın potensialının bundan artıq olduğunu düşünür. Onun fikrincə, uğursuzluğun səbəbkarı baş məşqçi Canni De Byazidir: “Millimiz bu qrupda daha çox xal toplaya bilərdi. Məsələn, Estoniyanı evdə məğlub etmək, Avstriyadan iki görüşün birində xal almaq olardı. Bunları reallaşdırmaq mümkün olsaydı, nəticəni qənaətbəxş sayardıq. Ümumiyyətlə, millidə çox yaxşı futbolçular toplaşıb. Kifayət qədər legionerimiz var ki, onların beynəlxalq təcrübələri yüksəkdir. Düzgün məşqçi seçimi olsa, bu heyətlə daha yaxşı futbol oynayar, uğurlu nəticələr göstərərik. Artıq üç ildir ki, De Byazi barədə eyni fikirlər səsləndirilir. Milli üçün futbolçu seçimindəki səhvlər, onları öz mövqelərində oynatmaması hər dəfə müzakirə olunur. Amma hələ də yığmanın “sükanı arxasındadır”.
34 yaşlı mütəxəssis ötən gün Avstriyaya evdə 0:1 hesablı məğlubiyyəti də şərh edib: “Estoniya üzərində qələbədən sonra komandada istək artmışdı. Futbolçuların uğurlu nəticə qazanmaq istədikləri meydanda görünürdü. Əvvəlki matçlarla müqayisədə daha əzmkar çıxış edirdilər. Təəssüf ki, sonda məğlub olduq. Futbolda da ən vacibi nəticədir”.
R.Əliyev son dəqiqələrdə Toral Bayramovun qapıçı ilə təkbətək şansı qaçırdığı epizodu da dəyərləndirib: “Çox yaxşı epizod idi. Məsafə də yaxın idi. "Çərçivə"yə düşə bilsəydi, qol olacaqdı. Fikrimcə, Toral həmin anda həyəcanlandı ki, bu da ona mane oldu”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyunlarını noyabrın 16-da evdə İsveç, 19-da isə səfərdə Belçikaya qarşı keçirəcək.