“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Misli Premyer Liqasının 10-cu turunda “Turan-Tovuz”la heç-heçə (2:2) etdikləri matçdan sonra futbolinfo.az saytına müsahibə verib. Sportliqa.az xəbər verir ki, o, komandasının xal itkisinin səbəblərindən danışıb.
– “Turan-Tovuz”a qalib gəlməyə nə mane oldu?
– Çətin səfər olacağını bilirdik və buna hazır idik. Matça yaxşı başladıq. Planladığımız oyunu hardasa birinci hissənin ortalarına qədər həyata keçirə bildik. Sanki ondan sonra bir az rahatlaşdıq. İstədiyimiz oyunu nümayiş etdirməyi bacarmadıq. İkinci hissənin əvvəlində isə diqqətsizlikdən rəqib bərabərlik qolunu vurdu. Yenə də öz oyunumuzu göstərməyə başladıq. Nəticədə hesabı 2:1 etdik.
– Lakin hesabı qoruya bilmədiniz…
– Amma diqqətli olmağı sona qədər bacarmadıq. Nəticədə rəqib 1 xal əldə edə bildi. Futbol budur, ani diqqətsizlikdən belə nəticələr qeydə alınır.
– “Qarabağ” sanki süni meydançaya görə tam gücü ilə oynamaqdan çəkinirdi?
– Bunu bəhanə etməyək. İstənilən şərtlərdə ən yaxşı olmağa çalışmalıyıq. Bir şeyi bilməliyik ki, oyun ərzində ani diqqətsizlik xal itirməyimizə səbəb olacaq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Həm formamızı yaxşılaşdırmalıyıq, həm də səhvlərə yol verməməliyik.
– UEFA Avropa Liqasında “Bayer”lə Leverkuzendə keçirəcəyiniz oyunöncəsi bu cür uzaq səfər problem yaratmayacaq?
– Düşünmürəm ki, hər hansı problem yaransın. Əsas odur ki, baş məşqçinin istədiklərini meydanda edə bildik. Biz bundan öncə 4 oyunu evdə keçirmişdik. Bizə lazım olan istədiyimiz nəticələri əldə edək. Yəni bu cür şeylər futbolun bir hissəsidir.
– Uzun illərdir ki, Azərbaycan çempionatında çıxış edirsən. Son 10 ildə ilk dəfədir ki, “Qarabağ” mövsümə bu qədər xal itkisi ilə start verib…
– Bu, normaldır, heyətdə yeni oyunçular var. Məsələn, ötən mövsüm “Mançester Siti” və “Liverpul” da mövsümə xal itkiləri ilə başlamışdı. Əsas odur ki, sonradan formamızı bərpa edə bilək.