Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında hakim haqsızlığı ilə üzləşib.
Sportliqa.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub: “Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar aldı. Lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba” çevrildi. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə baxmayaraq, səbəbsiz olaraq passivliyə görə üçüncü xəbərdarlığı aldı. O, hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin qərar qüvvədə qaldı və Balabəy tatamini məyus tərk etdi”.
Qeyd edək ki, Balabəy Ağayev son üç ildə iki dəfə Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqənin qalibi olub.