Qarşılaşmanın sonunu gözləməyə ehtiyac yoxdur. İsveçlə oyunda qazanılan böyükhesablı layiqli qələbədən sonra futbolumuzda cərəyan edən ümumi durumla bağlı məsələlərə kompleks halda yanaşılmasının vacibliyini bildirmiş, eyforiyaya qapılmaması fikrini önə çəkmişdim. Hər qələbə önəmlidir, azarkeşlər sevinir, ruh düşgünlüyü yaranmasın deyə, milli adına dəstək verilir…
Obyektiv yanaşılsa, yığmanın Belçika qarşısında qələbə qazanmaq şansı nəzəri görünürdü, hətta bərabərə qalmağın faiz dərəcəsi çox aşağı idi. Bu, yığmaya inamsızlıq deyil, güclü rəqib qarşısında real vəziyyətin göstəricisidir. Problem millidə yox, illərdir cavabdehlərin Azərbaycan futboluna olan baxışlarındadır.
De Byazinin son mətbuat konfranslarında, müsahibələrində açıq sezilən, medianın, futbol ictimaiyyətinin üzərinə psixoloji hücumu, saymazyana davranışının bumeranq cavabı, həftələr, gün, an məsələsi idi. “Turist səfərlərinə” növbəyə duran AFFA rəhbərliyində bir səlahiyyətli məmur tapılmadı ki, baş məşqçinin hərəkətlərinə diqqət edilməsi vacibliyini onun nəzərinə çatdırsın.
Səfər görüşündən öncə start 11-liyi, qalib heyətlə bağlı çətinliklər yaranmışdı, Ramil Şeydayev, Bəhlul Mustafazadə cəzalı duruma düşmüşdülər, rotasiyaya gedilməsi məcburiyyəti yaranmışdı. Belə vəziyyətdə heyət seçiminə daha həssas yanaşılmalı idi…
Zədəli, öz optimal formasından uzaq olan, klubunda daimi çıxış etməyən, kobudluğu, məsuliyyətsizliyi ilə seçilən, rəqibin ciddi təzyiqi ilə üzləşəcəyi öncədən məlum olan, meydanda ən önəmli mövqelərdən birininin Eddi İsrafilova həvalə edilməsi, güvənilməsi heç bir məntiqə sığmır. Öncədən bəlli idi, sürətli futbolçular qarşısında, ikili mübarizələrdə Eddi çatdırmayacaq… Höccət kimi ağır futbolçunu da bura əlavə etdikdə, yığma 9 nəfərlə oyuna başladı…
Belə bir görüşün əvvəllində, “afro-ispan”ın, hakim termini ilə deyilsə, düşüncəsizlik edib ardıcıl iki sarı vərəqəlik hərəkətə yol verməsi, millini, komanda yoldaşlarını mənəvi məhv etməsi demək idi. Azərbaycan futboluna heç bir xeyir verməyən, kimlərinsə sayəsində milliləşdirilən, milyonlar qazanlara nəvaxtsa yox deyiləcək? Bu mənasız, yaşı keçmiş, heç bir perspektiv vəd etməyən “milli” üzvlərindənsə, öz yetirmələrımizin oynaması daha doğru olmazmı?!
Heç kim demir ki, yerli futbolçular oynasa, qələbələr sıralanacaq, ən azından öz futbolçularımız meydanda döyüşəcək, gənclər isə təcrübə qazanacaq. Müharibə vaxtı düşmənlərimizlə münasibətəri pozmayan, millidən yayınan, öz bayraqlarını səhifələrində paylaşanlara tək millidə yox, Azərbaycan futbolunda yer olmamalıdır! Belələri ilə yanaşı, onlara şərait yaradan, milli-mənəvi dəyərlərdən uzaq olan, şəxsi mənafelərini güdən məmurlar da ölkə futbolundan birdəfəlik yox edilməlidir. Əgər futbolun düzəlməsi, dirçəlməsi, inkişafı istənilirsə…
TAHİR SÜLEYMANOV, beynəlxalq dərəcəli hakm, futbol mütəxəssisi