Tiaqo Silva: ”Son iki ildə ikinci yerdə olduq, bu mövsüm də ən minimum hədəf budur”
"Zirə"nin portuqlaiyalı qapıçısı Tiaqo Silva Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Qəbələ"yə 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra Sportliqa.az-ın suallarını cavablandırıb.
- İlk öncə matç barədə fikirlərini bölüşərdin...
- Çox çətin oyun oldu. Əlbəttə, ən yaxşı oyunlarımızdan biri deyildi. Daha yaxşı oynamağa ehtiyacımız var. Amma bu anda ən vacib olan üç xal qazanmaqdır ki, bunu da bacardıq. "Qəbələ"ni də təbrik etmək istəyirəm. Onlar yenidən Premyer Liqaya qayıdıblar və güclü komanda qururlar. Məncə, bu gün təkcə bizim oyunumuza yox, həm də onların yaxşı oyununa diqqət çəkmək lazımdır. Bugün həm də biz bir az daha şanslı idik.
- Komandanız 2 qol vurdu, amma həm top itkisi, həm də hücumların tamamlanmasında çətinliklər oldu. Bu barədə nə düşünürsünüz?
- Dediyim kimi, bu gün ən yaxşı oyunumuzu göstərmədik. Amma bəzən əsas olan xal almaqdır. “Araz-Naxçıvan”la oyunda meydanda ən yaxşı biz idik, amma yalnız bir xal götürdük. Bu gün isə "Qəbələ" bəzi məqamlarda bizdən yaxşı oynadı, amma biz iki qol vurub qalib gəldik. Mövsüm hələ yenidir, yeni oyunçular komandaya qoşulub və bir-birimizi tanımağa başlamışıq. Bu da vaxt tələb edir. Əsas odur ki, doğru yoldayıq və qələbə qazandıq.
- Şəxsi və komanda olaraq hədəfləriniz nələrdir? Ötən mövsüm ikinci yeri tutdunuz, bu "sezon" üçün hədəfləriniz nələrdir?
- Mən Bakıya gəldiyim andan bəri həmişə bizə “oyundan-oyuna düşünmək” prinsipi aşılanıb. Bizim əsas mentalitetimiz budur. Son iki ildə ikinci yerdə olduq, bu mövsüm də ən minimum hədəf budur. Amma fürsət düşsə, əlbəttə ki, çempion olmaq istəyirik, istəyərəm. Bunun üçün çalışacağıq. Çox yaxşı komandamız var, sadəcə parçaları düzgün birləşdirmək və mübarizə aparmaq lazımdır.
Murad Ağazadə