AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq turnir keçirilir.
Sportliqa.az xəbər verir ki, dünən ilk oyununa çıxan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusdan olan həmyaşıdları ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Oyunla bağlı komandamızın baş məşqçisi İlqar Aslanov federasiyanın rəsmi saytına bunları deyib:
“Bu cür oyunlar gənc futzalçılara təcrübə qazanmaq baxımından çox vacibdir. Belə turnirlər tez-tez təşkil olunmalı və iştirak etməliyik. Bu komanda ilə avqustda Minskdə də qarşılaşmışdıq və 1:7 hesabı ilə yenilmişdik. Bu dəfə hesab sona yaxın 2:1 rəqibin xeyrinə olan zaman qapıçını meydan oyunçusu ilə əvəzlədik. Təəssüf ki, ani səhvimiz qolla nəticələndi və 1:3 hesabı ilə yenildik. Ancaq uşaqlarda özünəinam artıb, əvvəlki oyunla müqayisədə irəliyə doğru addım atdıqlarını görürük. Əlbəttə, narazı qaldığım məqamlar oldu. Xüsusilə də texniki və xırda səhvlərə yol verdik ki, bunları aradan qaldırmalıyıq. Həmin səhvlər də bu cür gərgin oyunlarda üzə çıxır.
Bəzi futzalçılarımız daha inamlı idi. Bu da onların təcrübələrini artırmasından qaynaqlanır. Qarşıda Mərakeş yığması ilə də oyunumuz var. Onlar daha güclü rəqibdir. Oyunlarına baxıb, müəyyən analizlər edəcəyik.
Yenə deyirəm, bu cür turnirlər təcrübə toplamaq, oyunçuların öz yaşıdlarıyla müqayisədə axsadığın məqamları üzə çıxartmaq baxımından çox əhəmiyyətlidir”.
Qeyd edək ki, U-19 turnir çərçivəsində sabah – noyabrın 28-də Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bakı idman Sarayında keçiriləcək görüş saat 17:00-da başlayacaq.