Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bir oyunu Xankəndi şəhər stadionunda keçiriləcək.
Azərbaycanın qədim şəhəri "Qarabağ" - MOİK matçına ev sahibliyi edəcək.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, bu qarşılaşmada Vətən müharibəsi iştirakçısı olan idman jurnalistlərinə də xüsusi diqqət ayrılıb.
Belə ki, "Qarabağ" klubunun əməkdaşı Mehman Əşrəfov, Pressing.az idman saytının əməkdaşı Daşqın Əziz və "CBC Sport" telekanalının şərhçisi Süleyman Vəliyev xüsusi dəvətlilər arasındadırlar. O cümlədən müharibə iştirakçısı Mahal Məmmədov da AFFA nümayəndəsi kimi Xankəndidəki oyunda vəzifəsinin başında olacaq.
Görüşdə ədaləti isə Vətən müharibəsi iştirakçısı Kamal Umudlu qoruyacaq.
Qeyd edək ki, dekabrın 21-də keçiriləcək oyunun start fiti saat 14:00-da veriləcək.