"Araz-Naxçıvan" Azərbaycan Kubokunun 1/8 finalında "İrəvan"ı 8:2 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.
Sportliqa.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun istədiyimiz məcrada başlamadı. Futbolçularda yüngül konsentrasiya itkinliyi var idi. Sonradan düzəldi. Uşaqlar meydanda lazımi qaydada mübarizə apardılar, dediyimiz zonaları bağladılar. Futbolçuları təbrik edirəm. “İrəvan”a uğurlar arzulayıram.
- 8:2 hesabı səviyyəi fərqinin göstəricisidir?
- Premyer Liqa və Birinci Liqa arasında fərq var. Bu gün nə qədər desək də, onların hazırlığı ilə bizimki arasında fərq yetəri qədərdir. Fərq nə qədər olsa da, futbolçular meydançada lazımı funksiyaları yerinə yetirəndə, ustalıq arxa planda qalır.
- Semir Bukviç 16 oyundan sonra əsas heyətdə şans qazandı, yenə səhvi oldu. Planlı dəyişiklik idi?
- Planlı dəyişiklik idi. Vüsala da şans vermək istəyirdik. “Kür-Araz”la kubok matçında da Semir başlamışdı, ondan sonra Vüsal qapıda dayandı. Hamısı planlı idi. Səhvlər futbolda həmişə var. Bəxtsizlik halına gəlib çıxıb ki, belə toplar buraxır.
- Kubokda iddianız nədir?
- İstər kubok, istər çempionat oyununa iddialı çıxırıq. Komandanın oyununu daha da yaxşılaşdırmaq istəyirik. Maksimum nəticə nədirsə, kubokda da, liqada da edəcəyik. Təbii ki, qışda güclənməliyik. Çalışacağıq ki, qış fasiləsində bəzi dəyişiklik edək, əsasən də yerli oyunçular tapaq.
- Qış hazırlığını niyə Azərbaycanda keçəcəksiz?
- Komanda gec yığılacaq, yanvarın 4-də bir araya gələcəyik. Arada da 20 günlük fasilə qalır. Komandanı yığıb Türkiyəyə getmək... Zədələr ola bilər. Düşündük ki, Bakıda yığılaq, bir az hazırlaşaq. Qəbələ planımız da var. Yanvarın 10-dan sonra ora gedə bilərik.