Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.
Sportliqa.az xəbər verir ki, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunda 1/4 final mərhələsinin oyununda iş başında olacaq.
O, Türkiyənin “Nilüfər Bələdiyə Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk görüşdə qonşu ölkə təmsilçisi səfərdə qələbə qazanıb - 3:1.
Digər beynəlxalq dərəcəli hakim Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.
O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbaxça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. İlk görüş Ukrayna klubunun qələbə ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, hər iki oyun bu gün gerçəkləşəcək.