Həndbol üzrə Azərbaycan çempionatında 8-ci turun oyunlarına yekun vurulub.
Sportliqa.az xəbər verir ki, qadınların yarışında növbəti qələbələrini qazanan liderlər mövqelərini qoruyublar.
“Qarabağ” “Gənclər Birliyi”ni (39:10), “Azəryol” “İdman Akademiyası”nı (40:17), “Kür” isə “Bakı”nı (44:12) asanlıqla üstələyib.
“Qarabağ” 14 xalla turnir cədvəlinə başçılıq edir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” xal qazana bilməyib.
Kişilərin mübarizəsində tura “Dinamo” – “İdman Akademiyası” qarşılaşması ilə yekun vurulub. “AHF Arena”da baş tutan görüşdə qalib müəyyənləşməyib – 26:26.
Bunadək “Kür” “Təhsil”ə 40:22, “Azəryol” “Qarabağ”a 36:29 hesabı ilə qalib gəlmişdi.
Aktivində 14 xal olan “Kür” turnir cədvəlinə başçılıq edir. “Azəryol” liderdən 4 xal geri qalır. “Bakı” və “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla sonuncudur.