"Oyunu sırf uşaqlar uddu. Mənim xəbərim yoxdur. Özləri hazırlaşdılar, dedilər ki, oyunu özümüz çıxaracağıq. Bura sadəcə tamadalıq etməyə gəlmişəm. Azarkeşlərə təşəkkür edirəm ki, bu atmosferi bizə yaşatdılar. Hər iki komandanın azarkeşləri futbol oyununun ritmini saxladılar. Bu gün komnada ən yaxşsını edir. Azarkeşlərin stadiona gəlməsi bizə stimul verir. Onlar gəlsin ki, bizim də işimiz yüngülləşsin. Hansısa futbolçunu komandaya dəvət edəndə, tribunalara baxır. Oynamaq bizdən, tirbunaları doldurmaq azarkeşlərdən. Sumqayıt idman şəhəridir. "Məşqçi filan şey etdi, futbolçu niyə vurmadı" sözlərini gəlib stadionda desinlər".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablanıdırıb.
- Kasimir Ninqanın performansını necə dəyərləndirirsiz?
- Ümumi komanda bu gün yaxşı idi. Bir neçə oyun əvvəl güc bölgüsü ilə bağlı danışmışdım. Bu oyunda baş verənlər də, sözlərimə peçat oldu. İkinci hissə başlayandan sona qədər komandada çöküş getdi. Biz rəqibə görə oynadıq, əks-hücumlara keçdik. Amma onları yüksək səviyyədə edə bilməməyimizin səbəbi, gücümüzün o dərəcədə olmaması idi. Son kubok matçında çox enerji sərf etdi. Buna görə demişdim ki, bizə həm ora köklənək. Bilirdik ki, stadionun açılışı olacaq və "Neftçi" ilə oyuna köklənməliyik. Kubokda hər şeyin bizim üçün itdiyini demək olmaz. Doğrudur, bizim yolda "Sabah", "Neftçi", "Qarabağ" var. Bizi bura niyə salmısız? Bircə, "Qalatasaray" qalıb, onu da gətirin də. Çox çətin olacaq. Başa düşürük. Amma yenə də əlimizdən gələni edəcəyik.
- Matçın son dəqiqələri çox emosional alındı. Həmin anlarda nə baş vermişdi?
- Biz elə bildik ki, oyun bitdi. Dördüncü hakim deyir ki, siz hara gedirsiz, nə edirsiz? Amma saniyələr qalmışdı. Elçin Məsiyev də penaltidən sonra bir dəqiqə göstərmişdi, biz də baxırdıq dəqiqəyə. Hər şey ola bilərdi. Şükür Allaha, belə bitdi. Müdafiəçilərimiz rəqibin təzyiqinə baxmayaraq, ayaqüstə qala bildilər.
- Futbolçularınız üç gün əvvəlki kubokdakı məğlubiyyətin əvəzini çıxa bildilər. Bəs, həmin oyuna başqa motivasiya ilə çıxmışdılar?
- Xeyr, başqa motivasiya deyildi. Bugünkü görüş həmin oyunun davamı idi. Motivasiya siz fikirləşdiyiniz kimi olsaydı, 0:3-dan sonra sınmış komanda görərdiz. Amma həmən komandamızdan "buranın yiyəsi bizik, udmaq istəyən komanda bizik" ab-havasını gördük. Oyundan qabaq uşaqlara dedim ki, oynayacağınız oyun növbəti matçlara təsir edəcək. Uşaqlar mənə də dedilər ki, narahat olmayın. Kubok matçı 0:3 bitsəydi, inanmıram ki, bu gün belə olardı.
- Qısa müddətdə bir rəqiblə üç dəfə qarşılaşmaq komandaya necə təsir edir?
- Mənfi təsir edir. Oyunlarda da hiss olunur, get-gedə də hiss ediləcək.
- Yeni transferlərin gələcəyinə ümidiniz var?
- Ümidimiz var. Fikrimiz "Neftçi" ilə oyuna yönəlmişdi. Xüsusən də, biz məşqçilərin. Alınsa, ən azından yaxşı skameykamız olar. Olmasa da, "Sumqayıt" üçün hər şeyi edəcəyik. Hücumameyilli mövqe üçün oyunçu istəyirik.
- Hazırda ikinci pillədəsiz. Yəqin ki, bu şəhərə və stadiona avrokubok yaraşardı...
- Bu şəhər avrokuboklarda oynamasın, bəs kim oynasın? Amma bu sözlərdir. Biz bunu reallaşdırmalıyıq, əməldə göstərməliyik. Uşaqlar da fikirləşməlidilər ki, bu boyda şəhərin komandanın oyunçularıdır. Azarkeşlərin qarşısında məsuliyyətimiz olmalıdır. Demirəm ki uduzduğumuz oyunlarda da uduzmaq istəyirik. Sadəcə oyunlarımız belə stadionlarda olarsa, futbolçular da özlərini avrokubok matçlarındakı kimi hiss edərlər.