"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Braqa"nın qonağı olacaq.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizi çox vacib oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Hazırlığımız ümumən pis deyil. Sürətli, dinamik oyun göstərən komandaya qarşı oynayacağıq. İnanırıq ki, bu gözəl stadionda yaxşı oyun göstərəcəyik. İstəkliyik. Rəqibə dəyər veririk. İnanıram ki, futbolçularım yaxşı, keyfiyyətli futbol oynamağı bacaracaq.
- "Braqa"nın futbolçuları dəyərlərinə görə "Qarabağ"ın oyunçularından çox üstündür. Sizcə, bu amil oyuna necə təsir edə bilər?
- Artıq müqayisələrdən keçib. İllərdir ki, belə hallarla rastlaşırıq. Avropada futbol sürətlə irəliləyir. Klubların inkişafı üçün böyük işlər görülür. Təsirə gəldikdə isə, əlbəttə var. Onlar illər boyu bu dinamikada, bu təzyiqdə oynayırlar. Bu cür komandalar üçün belə turnirlərdə oynamaq asandır, nəinki bizim üçün. Amma bizim də təcrübəmiz az deyil. Bu müqayisəni futbolçuların beyinlərinə salmaq istəyirik. Əksinə rəqibi daha yaxından tanıyıb əlimizə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışırıq. Bəzən düşündüklərimiz alınır, bəzən alınmır. Hər bir halda səviyyə fərqi çoxdur. Çalışacağıq ki, o müqayisələri düşünməyərək oyuna hazırlaşaq.
- "Braqa" püşk atılan zaman Portuqaliya çempionatında ən çox qol vuran komanda idi. Son zamanlarda isə komanda bu statistikanı itirib. Bunları nəzərə alsaq, sabahkı oyunda bu amil bizi umidləndirə bilər?
- Qeyd etdiyim kimi çox ciddi rəqibə qarşı oynayırıq. Bir komanda il ərzində eyni səviyyədə ola bilməz. Çünki, daima qarşısında onu analiz etmiş rəqib olur. Bizim də son oyunlarda xeyli problemlərimiz oldu. Amma bu o demək deyil ki, sabahkı oyunda da həmin problemlər təkrarlanacaq. "Braqa" da son matçda böyük hesabla məğlub olub deyə o demək deyil ki, sabah onları problem gözləyir. Çünki, bunlar tam fərqli turnirlərdir. Heç nəyə aldanmalı deyilik, hər şeyə real baxmalıyıq. Özüm daxil hər hansı arxayınlıq olsa, bizim üçün böyük problem yarada bilər. Rəqibimiz çox istəklidir. Bu gün baş məşqçilərinin açıqlamalarına fikir verdim. Çox ciddi yanaşırlar və bizə böyük dəyər verirlər. Bunlar qarşılıqlıdır. Böyükhesablı məğlubiyyəti unutdurmaq şansları var. Biz buna hazır olmalıyıq. Əsl "Braqa"nı düşünərək meydana çıxmalıyıq.
- Mərhələsini keçmək şanslarını necə dəyərləndirirsiz?
- Faiz olaraq deməzdim. Real baxsaq, üstünlük "Braqa" tərəfdədir. Amma biz də bu gün bununla razılaşmırıq. Çalışacağıq ki, meydanda öz işimizi görək.