“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə müsahibə verib. Millimizin futbolçusu Premyer Liqadakı rəqabətsizlikdən, azarkeşlərin Azərbaycan çempionatına maraq göstərməməsindən və qarşıdakı “Bayer” oyunlarından söz açıb.
– Olduqca sıx qrafikdə mübarizə aparırsınız. “Qəbələ” ilə oyunda da meydana çıxmadın. Yəqin ki, səbəb yorğunluq idi…
Düzdür, yüklənmə var. Amma biz illərdir bu qrafikdə oynayırıq. Buna adaptasiya olmağı bacarırıq. Çətin olsa da, öhdəsindən gəlirik. Yorğunçuluq ola bilər, normal haldır. Amma əsas odur ki, yolumuza itkisiz davam edirik.
– Qarşıda “Neftçi” oyunu var. Bu görüşün təxirə getməsi sizin üçün daha faydalı olmazdı?
Açığı, mən təxirə getməsini istəməzdim. Çünki “Neftçi” matçı “Bayer” oyunu öncəsi yaxşı sınaqdır. “Ağ-qaralar”a qarşı oymamaq həmişə çətin və maraqlıdır. Ona görə də “Neftçi” görüşünün oynanılmasını istəyirdim. “Bayer” matçı öncəsi onlarla oynamaq müsbət haldır. Çünki çətin bir görüşdən çıxmaq, digər oyunu üçün də yaxşı olar.
– Demək olar ki, çempionat yanvar ayından artıq sizin üçün bitib. Səncə, Premyer Liqanın belə rəqabətsiz olması “Qarabağ” üçün rahatlıqdır, yoxsa zərərinədi?
Məncə, çempionatın belə olması bizim ziyanımızadı. Çünki rəqabət çox olsa, inkişaf da yüksək səviyyədə olar. Azarkeş sayına da təsir edər. Çempionluq yarışı hamıya maraqlı olacaq. İnsanlar tribunalara üz tutacaq. Təəssüflər olsun ki, vəziyyət belədir. Yenə də oyunlar bizim üçün önənlidi, çalışırıq hamısına ciddi yanaşaq. Kənardan göründüyü qədər asan keçmir.
– Amma ciddi rəqabət olsaydı, rotasiyaları çox görməyəcəkdik. Bu futbolçu üçün daha çətin deyil?
Məncə, xeyr. Bizim iki bərabər səviyyədə heyətimiz var. Çətin görüşlərdə də oynamağa qadirik. Düşünürəm ki, o vəziyyətdə də yaxşı mübarizə apara bilərik. Çətinlik çəkəcəyimizə inanmıram.
– Avropa Liqasında növbəti dəfə “Bayer”lə qarşılaşacaqsınız. Amma püşkdə “Slaviya” (Praqa) ehtimalı da var idi. Səmimi desək, rəqib Çexiya klubu olsaydı, daha uyğun olmazdı?
Təbii ki, “Bayer”ə nəzərən “Slaviya” daha rahat rəqib idi. Amma dəqiq nəsə demək asan deyil. “Slaviya”ya qarşı da yüz faiz nəticə qazanacağımızı deyə bilmərik. “Bayer” isə gücü, səviyyəsi bəlli komandadır. Onlara qarşı qrup mərhələsində mübarizə aparmışıq. Çalışacağıq ki, bu görüşlərdən qazandığımız təcrübədən istifadə edək.
– Bəhlul, “Bayer”i keçmək ehtimalınız nə qədərdir?
Belə faizlə danışsaq, şansımız azdır. Amma meydana oynamaq üçün çıxırıq. Nə olsa da, oynanmamış bir görüşdür. Heç kim yüz faizlik proqnoz verə bilməz. Məqsədimiz müsbət nəticə qazanmaqdır. Bunun üçün mübarizə aparacağıq.
“Sumqayıt” oyununda tribunalar boş idi. Yəqin ki, “Bayer”lə görüşdə yenidən dolacaq…
Bəli, belə olacaq. Hamı bilir ki, stadion yalnız avrokubok oyunlarında dolur. Açığı, bu bizi çox narahat edir. O boyda staionda cəmi 1000 azarkeş olur. Təsir etməyə bilməz. Azərbaycan çempionatında da dolu tribunalar önündə çıxış etmək istəyirik. Ancaq edə biləcək bir şey yoxdur. Artıq öyrəşmişik.
– Yunanıstan mətbuatında sənin barəndə transfer xəbərləri dolaşır. Adın PAOK-la yanaşı çəkilir. Yazılanlar nə dərəcə doğrudur?
Hazırda “Qarabağ”la oyunlarım var. Bütün ağlım, fikrim buradadır. Bu işlərlə məşğul olmuram, transfer xəbərləri barədə də məlumatım yoxdur. Bəlkə də oyunlar başa çatandan sonra mənə də nəsə deyilər. Təbii ki, Avropada da oynamaq fikrim var. Amma təklifdən asılıdır. “Mən gedirəm” deməklə olmur. Təklifə baxmaq, dəyərləndirmək lazımdır. Əgər uyğun təklif olsa, o zaman getmək olar.
idmanxeber.az