Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunlarına start veriləcək.
Sportliqa.az xəbər verir ki, bu mərhələyə qədər irəliləyən Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxacaq.
Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda Bundesliqada ən yaxın izləyicisi - ardıcıl 11 mövsümün çempionu "Bavariya"nı 10 xal qabaqlayaraq lider olan "Bayer" həm də bu mövsümün məğlubedilməz komandasıdır. Leverkuzenlilər bütün turnirlər daxil 34 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 30-da qalib gəlib, 4 oyunda heç-heçə edib.
Oyuna maraq da olduqca yüksəkdir. Satışa çıxarılan bütün biletlər azarkeşlər tərəfindən alınıb. "Qarabağ"ı stadiondan 30 min, "Bayer"i isə 400-dək azarkeş dəstəkləyəcək.
Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.
Əlavə edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.
7 mart
UEFA Avropa Liqası
1/8 finalın ilk oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)
Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu