Musa Qurbanlının uğursuz İsveç - "Yurqorden" səyahətini başa vurub, "Qarabağ"a geri dönməsi Azərbaycan futbolu adına yüzüncü, mininci dəfə çalınan həyəcan siqnalıdır.
Qürbətdə - Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda da bir azərbaycanlı futbolçu var. Mahir Emrelinin də uğurlu legioner karyerası yaşadığını demək olmaz. Ya ehtiyatda qalır, ya adı oyunların iştirak ərizələrinə salınmır, ya da, vacib olmayan matçlarda 5-10 dəqiqə meydanda olur.
Azərbaycan futbolu Qurban Qurbanovun və "Qarabağ"ın əcnəbi futbolçularının kölgəsində gizlənib. Bu kölgə çəkilincə ölkə futbolunun bütün qüsurları, eybəcərlikləri tam çılpaqlığı ilə ortaya çıxacaq. İnanın ki, çıxacaq. Bir daha məlum olacaq ki, bizim futbol adına heç bir ciddi işimiz, layihəmiz, uğurumuz yoxdur. Bir daha ortaya çıxacaq ki, bizdə Avropa səviyyəli futbolçular yetişməyib, yetişmir, yetişməsi üçün bəzi klubların ("Qəbələ", "Sabah" kimi) öz çapında çabalarından başqa, heç bir layihə, ideya, plan yoxdur.
AFFA-nın yeni rəhbərliyi 70 yaşlı Fernandu Santuşu millinin baş məşqçisi postuna gətirməklə ilk səhvi edib. İkinci, üçüncü, dördüncü... 50-ci səhv olmamalıdır. Dərhal Azərbaycanda uşaq futbolu ilə bağlı proqram hazırlanmalıdır. Azərbaycan futbolunun “istehsal”ı, xaricə “ixrac”ı ehtiyatda yatan, uğursuz legioner karyerası yaşayıb geri dönən yarımfabrikat futbolçular olmamalıdır!
Rəşad Ergün
Qeyd: Müəllifin fikri sportliqa.az redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər.