UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin dünən Mərdəkanda baş tutmuş "Zirə" - "Şerif" oyunundan sonra gözlənilməz hadisə baş verib.
Matçda qırmızı vərəqə alan "qartallar"ın üzvü Salifu Suma geyinib-soyunma otağında sərt münasibətlə qarşılaşıb.
Bu barədə hadisə şahidlərindən biri məlumat verib.
İnformasiyaya görə, komanda yoldaşları görüş başa çatandan sonra 21 yaşlı qvineyalının üstünə hücum çəkiblər.
Maraqlıdır ki, Sumaya təzyiq göstərənlər yalnız legioner futbolçular olublar.
Afrikalıya dişlərinin dibindən çıxanı deyən futbolçuları digər komanda yoldaşları - konkret olaraq Anar Nəzirov və Stefan Akka güclə sakitləşdirib.
Özünü pis hiss edən Suma paltardəyişmə otağını ağlaya-ağlaya tərk edib.
Xatırladaq ki, müdafiəçi komandası ümumi hesabda 2:0 öndə olarkən - 40-cı dəqiqədə meydandan qovulub.
Moldova klubu penaltilər seriyasında qalib gələrək mərhələ adlayıb.(Mediasport.az)