“Sumqayıt” Mehdi Hüseynzadə adına stadionda “Fehervar”la qarşılaşacaq.
Biletləri iTicket.az, 1 saylı Sumqayıt Asan Xidmət Mərkəzindən, iyulun 20-dən isə stadionun kassalarından əldə etməyin mümkün olduğu deyilsə də, sonuncu satış ünvanı hələ də işə başlamayıb. Klub saytı bununla bağlı məlumat yayaraq, bəzi texniki səbəblərə görə stadionun kassasından satışın iyulun 22-dən başlayacağını qeyd edib. Biz isə klubdan asılı olmayan texniki səbəbin nə olduğunu öyrənməyə çalışdıq. Bu üzdən dünən “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq:
“Stadionda bilet satışına mane olan konkret səbəb odu ki, kassanın yanında elektriklə bağlı bəzi işlər görülür. Ona görə də kassanı 2 gün işə sala bilmədik. Artıq sabahdan etibarən işlər səngiyəcək və yəqin ki, satış başlayacaq”.
Yeri gəlmişkən, “Sumqayıt”ın həm ev, həm də səfər oyununu “CBC Sport” yox, “İdman” TV ilə canlı yayınlayacaq. Klub rəsmisindən bu dəyişikliyin səbəbini də soruşduq:
“Oyunun “CBC Sport”da yox, “İdman” TV-də yayınlanmasına gəlincə, “CBC Sport” bizə verdiyi sözə əməl etmədi. Elə püşkatmadan dərhal sonra özləri bizə rəsmi məktubla müraciət etdilər ki, bəs sizin görüşünüzü yayınlamaq istəyirik, xahiş edirik buna razılıq verəsiz. Bilindiyi kimi, pley-off mərhələsinə qədər avrokubok oyunlarının yayın hüququ klubun özündə olur. Biz də onlarla razılaşdıq və razılıq məktubu da göndərdik. İki tərəf arasında şifahi söhbətlər də oldu. Hətta onların yayın üçün bizdən tələb etdiyi bəzi yerlər də var idi. Bununla bağlı daha əvvəl də məlumat vermişdim. Çəkiliş meydançasını və başqa məsələləri də yoluna qoymuşduq. Bu günə qədər də hər şeyi “CBC Sport”la razılaşdırıb edirdik. Lakin son anda bizə imtina etdiklərini və “Zirə”nin matçını verəcəklərini bildirdilər. Eyni zamanda qeyd etdilər ki, həm “Sabah”, həm “Zirə”, həm də “Sumqayıt”ın oyunları eyni vaxtda başlayacağına görə İTV “Sabah”ın, “CBC Sport” “Zirə”nin oyununu yayınlayacaq. “Sumqayıt”ın matçının siqnalını isə “İdman” TV-yə ötürəcəyik. Hərçənd şifahi söhbətlər zamanı onlar bildirmişdilər ki, “Sumqayıt”ın oyununu verməkdə maraqlıyıq. Çünki yenilənmiş stadionda ilk dəfə avrokubok matçı olacaq və bu, azarkeşlər üçün daha maraqlı olar. Sonda qərarlarının dəyişməsinə nəyin səbəb olduğunu bilmirəm. Ancaq son günə qədər elə bilirdik ki, oyunu “CBC Sport” göstərəcək və bütün işlər də bu yöndə davam edirdi. Hətta biz onların əməkdaşını özümüzlə səfərə aparmağa hazırlaşırdıq. Bunun üçün də lazım olan bütün işləri görmüşdük ki, onların şərhçisini aparaq və qarşılaşmanı yerindən şərh etsin. Amma “CBC Sport”un belə qəfil qərarıyla bizim də planlarımız dəyişdi, bizi bir qədər çətin vəziyyətdə qoydular. Artıq biz də məcburuq ki, bu vəziyyətlə barışaq və razılaşaq”.
Bu məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənməyi də lazım bildik. Bu üzdən tribunanı “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasova verdik:
“Sumqayıt”ın ev oyunu “CBC Sport” tərəfindən çəkiləcək və “İdman” TV-nin efirində yayınlanacaq. Üst-üstə düşdüyü üçün oyunları paylaşmalı oluruq. “Zirə” və “Sumqayıt” eyni gündə və bir-birinə yaxın zamanda oynayır. Burda başqa səbəb axtarmaq lazım deyil. Əsas odu ki, bütün oyunlar “CBC Sport” keyfiyyəti ilə çəkilib tamaşaçılara təqdim ediləcək. Bu əməkdaşlığa razılıq verdiyi üçün “İdman” TV-yə təşəkkür edirik. Bütün klublarmıza uğurlar. Hər birinin qrup mərhələsinə vəsiqə qazanmasını arzulayıram”.
Mənbə: Football-plus.az