“Qələbə qazandığımız üçün çox şadam. Nəticədən hər birimiz məmnunuq. 4:0 hesabı ilə qalib gəldik”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ange Mutsinzi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “DAK-1904”ü 4:0 hesabı ilə məğlub etməkləri barədə danışarkən deyib.
O, Slovakiya təmsilçisi ilə matçda rəqib qapısından 4 cavabsız keçirmələrinin bir qədər gözlənilməz olduğunu bildirib: “Ola bilsin ki, “Şerif”ə məğlubiyyətdən sonra komandada bir qədər inamsızlıq var idi, belə hesabla qələbə qazanacağımızı gözləmirdik. Lakin oyunun təkrarına baxsaq, görərik ki, 4 topla yanaşı, çoxsaylı qol epizodlarını da boşa verdik. Halbuki hesab arasındakı fərq daha böyük ola bilərdi”.
A.Mutsinzi “Şerif”ə məğlubiyyətdən sonra “DAK-1904”lə görüşə köklənməyin psixoloji cəhətdən çətin olmadığını söyləyib: “Şerif”lə cavab matçında bütün komanda əlindən gələni etdi. Yekunda penaltilərdə uduzmuşduq”.
Ruandalı müdafiəçi qeyd edib ki, ilk matçdakı böyükhesablı qələbəyə baxmayaraq, hər hansı arxayınlıqdan söhbət gedə bilməz: “Düşünmürəm ki, kimdəsə arxayınlıq yaransın. Oyundan oyuna fokuslanmalı olduğumuzu bilirik. Cavab matçına hər kəs maksimum dərəcədə ciddi yanaşacaq”.
Mutsinzi “Zirə”yə çox yaxşı qoşulduğunu qeyd edib: “Artıq demək olar ki, adaptasiya prosesini keçmişəm. Yaxşı baş məşqçimiz var. Ümumiyyətlə, “Zirə”də futbolla əlaqəli olan hər şey xoşagələndir, təqdirəlayiqdir. Özümü evdəki kimi hiss edirəm”.
26 yaşlı futbolçu hələ ötən mövsümdən “Zirə”nin oyunlarını izlədiyini vurğulayıb: “Zirə”nin qapıçısı Tiaqo Silva ilə daha əvvəldən tanışıq. Onunla birgə 2022-2023 mövsümündə Portuqaliyanın “Trofonse” klubunda birgə çıxış etmişik. Ötən il “Zirə” və “Qarabağ”ın oyunlarını izləyirdim. Ona görə də təklif gələndə çox düşünmədim. Komandama həm avrokuboklarda, həm də ölkə çempionatında faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.
Mənbə: Qol.az