"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqası 3-cü təsnifat mərhələsində səfərdə "Osiyek"lə oyun öncəsi mətbuat konfransı keçirib.
Sportliqa.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Başa düşürük ki, sabah bizi vacib oyun gözləyir.İlk oyunumuz səfərdədir. Rəqib doğma meydanda çalışacaq ki, sərfəli nəticə əldə etsin. Biz də oyuna eyni istəklə çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Osiyek" maraqlı, baxımlı futbol oynayan komandadır. Böyük azarkeş dəstəyi olan komanda ilə qarşılaşacağıq. Düşündüklərimizin alınması üçün əlimizdən gələni edəcəyik.
- "Osiyek"i nə qədər təhlil etmisiniz?
- Maraqlı bir təsadüf var. Bundan əvvəlki rəqibimizi təhlil edərkən onların "Osiyek"lə yoxlama görüşlərini analiz etmişdik. Artıq ona görə rəqibi yaxşı tanıyırdıq, müəyyən məlumatımız var idi. Amma təbii ki, püşkdən sonra onları daha dərindən təhlil etməyə çalışdıq. Bu səviyyədə rəqiblərdən meydanda hər an manevr, həmlə gözləyirsən. Bizim verdiyimiz reaksiyalar çox önəmli olacaq. Cavab oyununda hər iki komanda bir-birinə daha yaxşı bələd olacaq. Gücümüzü bir-birimizin üzərində hiss edəcəyik. İkinci matç həlledici olacaq. Komandalar daha hazırlıqlı olacaq. Hər ikimizi çempionatda derbi oyunu gözləyir. Biz "Sabah"a, "Osiyek" isə "Dinamo"ya qarşı oynayacaq. Amma artıq pley-offun bir addımlığındayıq. Hər iki komanda üçün prioritet avrokubok matçı olacaq.
- Rəqib ölkə çempionatında məğlub oldu. Bu haqda nə deyə bilərsiniz?
- Oyun çox maraqlı məcrada keçdi. Rəqib "Şibenik" meydanda əzmkar mübarizə apardı. Buna baxmayaraq, "Osiyek" üstünlüyə yiyələnirdi, dominantlıq edirdi. Sabah meydanda ən güclü "Osiyek"i gözləyirik.