"Zirə" klubu UEFA Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyada "Osiyek"lə 1:1 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:
- Birinci hissədə meydanda daha çox taktiki savaşın şahidi olduq. Rəqib daha çox standart vəziyyətlərdə təhlükəli olurdu. Bizim bir neçə təhlükəli hücumumuz var idi, fərqlənə bilərdik. Sonra müdafiədən çıxarkən top itkisinə yol verdik. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. İkinci hissədə meydanda üstün olan tərəf biz idik. Hesabı bərabərləşdirməyə çalışırdıq. Müəyyən məqamlarda dəqiqlik çatmırdı, bəzən bu, çətin olurdu. Rəqibin səviyyəsini nəzərə almaq lazımdır. Bu gün məğlub olsaydıq belə, hər şey ikinci oyunda həll olunacaqdı. Hər iki komanda sıfırdan başlamalıdır. Bir həftə sonra bizi çox maraqlı oyun gözləyir.
- "Osiyek"in heyətində hansı futbolçular sizi təəccübləndirdi?
- Rəqib istedadlı futbolçulardan ibarət komandadır. Gənc, istəkli, yaxşı məşqçiləri var. Onun səviyyəsini bu gün hiss edirdik. Rəqibdən nə gözləyirdiksə, onu meydanda gördük. Futbolçularıma təşəkkür edirəm. Bizi çox məsuliyyətli cavab oyunu gözləyir.
- Cavab matçından gözləntiləriniz nədir?
- İndi daha çox çempionatımızda "Sabah"la oyunu düşünəcəyik. Sonra "Osiyek"lə oyuna hazırlığımızı görəcəyik. Cavab matçında bundan daha istəkli, daha güclü "Osiyek" gözləyirəm. Biz də eyni qarşılıq verəcəyik. Bu gündən daha yaxşı olmaq istəyirik. Azarkeşlər üçün çox maraqlı oyun olacaq.
- Rəqibin çox da güclü futbol oynamadığını demək olar?
- Azərbaycan futbol camiəsində illərdir belə fikir formalaşıb ki, hər hansı klubumuz uğurlu çıxış edirsə, dərhal deyirlər ki, bu rəqibə qarşı oynamaq olar. Ümumən müasir futbolda hər komandaya qarşı oynamaq olar. Amma bu gün vacib olan o idi ki, ikinci hissədə biz oyunu bərabərləşdirə bildik və rəqib üzərində bir az da olsa, üstünlük yaratdıq. Futbolçular məğlub olmaq istəmirdi. "Osiyek" çox yaxşı komandadır. Artıq belə təcrübə yaşamışıq. İkinci oyunda Bakıda daha istəkli "Şerif" gördük. İstərdim ki, bu məsələyə daha təcrübəli yanaşaq.