UEFA Konfrans Liqqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Zirə" ilə qarşılaşacaq "Osiyek" (Xorvatiya) Bakıya yollanıb.
Sportliqa.az xəbər verir ki, komandanın baş məşqçisi Federiko Koppitelli Bakı səfərindən əvvəl rəqib komanda və keçirilən görüş haqda fikirlərini bölüşüb.
O, klubun rəsmi saytına açıqlamasında "Zirə" ilə oyuna tam hazır olduqlarını deyib: "Məqsədimiz Konfrans Liqasında mübarizəni davam etdirməkdir. "Osiyek"də keyfiyyətli komandaya qarşı çox yaxşı oyun keçirdik və bu onu göstərir ki, həmin 93 dəqiqədə onlara qarşı möhtəşəm çıxış qələbə üçün kifayət etmir. Bununla belə, bu, bizə inam verir, eyni zamanda, rəqibin gücünü göstərir. Lakin onlar bizim yeganə səhvimizdən istifadə etdilər və qələbəyə layiq olsaq da, oyun heç-heçə başa çatdı. "Zirə"nin artıq ev sahibi olması oyunun çətin keçəcəyini göstərir. Düşünürəm ki, komandamız yaxşı hazırlaşıb. Uğurlu nəticə üçün kifayət qədər enerjimiz və həvəsimiz olacaq".
Xatırladaq ki, “Zirə” “Osiyek”lə səfərdəki matçda 1:1 hesablı heç-heçə edib. Bu komandalar arasında cavab görüşü avqustun 15-i "Dalğa Arena"da keçiriləcək.