Gənclər və idman nazirinin müavini Mariana Vasilyevanın tutduğu vəzifədən azad olunduğu bildirilir.
Sportliqa.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Bu məlumat Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycan Gimnastika Federasiyasına və qurumun bir neçə məşqçisinə sanksiya tətbiq etməsindən sonra yayılıb. İddialara görə, keçmiş baş məşqçi Mariana Vasilyeva çəki artımına görə atletləri döyüb, onları təhqir edib, özlərini yaxşı hiss etmədikləri halda atletlərin sağlamlığını risk altına qoyaraq onları məşqə məcbur edib.
Bundan başqa, Mariana Vasilyeva atletlərin pul və ya mükafatlarını mənimsəyib, onların ailələri ilə və ya digər şəxsi əlaqələrini məhdudlaşdıraraq mobil telefonlarından istifadə etmələrinə qadağa qoyub.
İntizam komissiyası Mariana Vasilyevanı yol verdiyi pozuntulara görə, 8 il müddətinə Beynəlxalq Gimnastika Federasiyasının fəaliyyətində və beynəlxalq tədbirlərdə iştirakdan məhrum edib.
O, həyatının sonuna qədər Beynəlxalq Gimnastika Fonduna bağlı olan hər hansı federasiyanın baş məşqçisi ola bilməyəcək. 2019-cu ildə Beynəlxalq Gimnastika Fondunun Mariana Vasilyevaya təqdim etdiyi “Fəxri Məşqçi” diplomu da ondan geri alınacaq.
Mariana Vasilyeva 2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. O, 2021-ci ildə isə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunub.(Lent.az)