
Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq.
Yığmamız "Bank Respublika Arena"da Belarus seçməsi ilə üz-üzə gələcək. İki gün əvvəl Sumqayıtda Haitidən alınan biabırçı məğlubiyyətin havası başlardan getməyib. Belə görünür ki, uzun müddət də getməyəcək. Futbol ictimaiyyətində belə bir fikir, ab-hava yaradılmışdı ki, sanki dünyanın o başından gələn Haitinin ayağı top tutmur, rahatlıqla məğlub edə bilərik. Amma...
Gördük ki, haitililər kifayət qədər atletik, baxımlı oyun nümayiş etdirirmişlər. Hətta Azərbaycan millisi ilə oyunda "futbol dərslikləri"nə salınacaq hücumlar etdilər, qollar vurdular. Nə isə, söhbətimizin mövzusu Haiti ilə oyuna qayıtmaq, təhlil etmək deyil.
A millimiz bu gün Belarusu sınağa çəkəcək. Son məğlubiyyətin üstündən üç gün keçib, yığmamızın bu gün futbolsevərlərə hansı menyu təqdim edəcəyi maraq doğurur. Haiti rəzalətindən sonra futbol ictimaiyyətində "ağ yuyulub, qara sərilən" milli bu gün nəsə, nələrsə etməlidir.
Belarus da bizdən iki gün əvvəl yoxlama oyunu keçirib. Millimizdən fərqli olaraq onlar Tacikistana 5 cavabsız qol vurublar. Bakıya qələbə ilə gəliblər. Amma bu, Belarus millisidir. Azərbaycan yığması hazırda "dib"də olsa da, Belarusu məğlub etmək mümkündür.
Yoxsa Sumqayıt faciəsi Masazırda da təkrarlana bilər...(pressing.az)