
Sportliqa.az AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovun qurumun bu gün keçirilən Hesabat Konfransından sonra verdiyi müsahibəni sizə təqdim edir:
- Konfransda əsasən hansı məsələlər müzakirə olundu. Nə kimi qərarlar qəbul olundu?
- Bu gün aha çox cənab Frenk De Bleker çıxış elədi, daha ətraflı danışdı, bir-neçə epizodun müzakirəsi oldu. Konfrans zamanı da De Blekerin ətraflı təqdimatı olmuşdu. Belə görüşlər çox vacibdir. Futbol ictimaiyyətinin Hakimlər Komitəsinə inamının artması üçün həm de Bleker, həm də digər məsul şəxslər mütəmaddi olaraq çıxıb öz fikirlərini deməlidir. Digər məsələlərlə bağlı da press-reliz olacaq. Orada milli komandanın çıxışı ilə bağlı müzakirələr oldu, federasiyanın prezidenti Rövşən Nəcəfov da bu məsələyə toxundu. Fikirlər sizin, ictimaiyyətin fikirləri ilə eynidir, nəticələr bizim üçün də məqbul deyil, bunu başa düşürük və həll yollarını axtarmaqda davam edirik.
- Xarici mətbuatda (Polşa mediasında) belə bir xəbər çıxmışdı ki, Santuşun getmək məsələsi olsa da, təzminat məsələsində fikir ayrılığı yaranıb...
- Tam səmimi deyim ki, cənab Santuşla müqavilənin şərtlərini tam olaraq bilmirəm. Amma düşünmürəm ki, daha öncə çalışmış xarici məşqçilərlə əgər vaxtından əvvəl göndərilmə mümkün olubsa, Santuşla bu, mümkün deyil. Dünyada olan bir praktikadır. Amma xüsusi vurğulamaq istərdim ki, bu gün Santuşun millidən getmək məsələsi müzakirə olunmayıb və ümumiyyətlə, müzakirə olunmur. Sadəcə, siz soruşdunuz, bundan başqa, ictimaiyyətdə belə fikirlər var idi, sosial mediada paylaşılırdı, jurnalistlər yazırdı ki, təzminat məsələsinə görə baş məşqçinin göndərilməsi mümkün deyil, ona görə cavab verdim ki, belə bir şey yoxdur. Müqavilədə yazılanlar var, bundan əlavə tərəflərin öz aralarında əlavə danışıqları da olur, razılığa gəlib bir-birlərinə təşəkkür edib yolları ayırırlar. Tam səmimi deyirəm, Santuşa da uğurlar arzulayıram və biz birlikdə əl-ələ verib yaxşı nəticələr üçün çalışmalıyıq.
- Təqdimat mərasimində bildirildi ki, Santuşun qarşısına AVRO-2028-ə vəsiqə tələbi qoyulub. Legioner limitinin ləğvindən sonra isə bu çətin görünür. Bu qərardan sonra yerli futbolçuların şanslarının daha da azalacağı görünür. Belə vəziyyətdə Santuşu postunda saxlamaq nə dərəcədə düzgündür?
- Legioner limitini millinin baş məşqçisi məsələsinə bağlamazdım. Siz deyirsiniz ki, limitin ləğvi milli ilə bağlı qarşıya qoyulan hədəflərə mane olacaq. Fikirlərinizə hörmətlə yanaşıram, amma razılaşmıram. Niyə? Ona görə ki, əminəm ki, legioner limitinin ləğvinin azərbaycanlı futbolçuların inkişafına daha da dəstək olacaq. Fikirimi əsaslandıra da bilərəm. Baxın, legioner limiti bizdə neçənci ildən tətbiq olunmağa başladı? Düşüncə də bu idi ki, yerli futbolçular arasında daha çox rəqabət olacaq. Yəni bu qərar milli komandaya görə qəbul olunmuşdu. Amma nə baş verdi? Hər şey əksinə oldu, milli komanda hazırkı duruma gəlib düşdü. Hətta başqa ölkələrdən gətirilmiş milliləşdirilmiş futbolçular da heç nəyi dəyişmədi. Amma limitin ləğvi imkan verəcək ki, yerli futbolçular legionerlərlə rəqabətə girsin. Bizdə çempionatda ən az əcnəbi futbolçu hansı mövqeydə oynayır?
- Dayaq yarımmüdafiəçisi mövqeyində...
- Bir də sağ cinah müdafiəçisi mövqeyində. Əgər limitin ləğvi düzgün idisə o zaman gəlin baxaq, həmin mövqeydə bizim ən güclülərimiz kimdi? Hərə bir futbolçu adı deyə bilər, amma formada olduğu dönəmdə ən güclü Abbas Hüseynov idi. Bu gün o millidə oynamaq üçün öz mövqeyində çıxış edən Veşoviçlə rəqabət aparıb ona qalib gəlməlidir. Bu gün futbolçular var hansı ki, millidə əsas heyətdə oynayır, biz onları güclü hesab edirik, amma klublarında əsas heyətdə oynaya bilmirlər. Ola bilər biz haqlı deyilik, ola bilər mənim düşüncələrim düzgün deyil, amma şəxsən mən qərar qəbul olunanda limitin qəbul oldunduğu 10 ildən artıq dönəmi təhlil edib qərarımı verdim. Niyyət millinin güclənməsi idisə və aradan keçən 10 ildən artıq müddətdə biz bunun faydasını görməmişiksə, bəlkə bir də limitin ləğvini sınaqdan keçirək, görək bəlkə bu məntiq daha doğru oldu. O ki qaldı Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanacağıyla bağlı gözləntilərə, hansı ki Fernandu Santuş buna inanır, açıq deyim ki, mən buna şübhə ilə yanaşıram. Əgər millimizin bu gün sərgilədiyi oyun çox kəskin və ciddi şəkildə dəyişməsə, gələcəyə optimist baxmaq mümkün deyil. Bu məsələdə AFFA, jurnalistlər - bir sözlə, futbol ictimaiyyəti olaraq dəstək nümayiş etdirməliyik. Bu, təkcə Fernandu Santuşun işi deyil. Bu, hamımızın millisidir. Lakin ehtimalla danışanda, bu məsələdə optimist deyiləm və şübhə ilə yanaşıram.
- Növbəti mövsümün reqlamenti ilə bağlı hansısa qərar dəyişikliyi gözlənilmir ki? Çünki lisenziyalaşdırma ilə bağlı klublara 1 il vaxt verilib. Mətbuatda isə hansısa klubun Premyer Liqadan imtinası ilə bağlı xəbərlər yayılır...
- Əfsuslar olsun ki, bununla bağlı cari məsələlərə cavabdeh insan deyiləm. Bununla bağlı baş katib, PFL dahs dəqiq məlumat verə bilər. Hazırda hələ ki, bir klubun Premyer Liqaya gəlişi rəsmləşib, fürsətdən istifadə edib "Qəbələ"ni də təbrik edirəm, onların da infrastrukturla bağlı heç bir problemi yoxdur, onların şəraiti hamıya məlumdu. Əminəm ki, "Qəbələ" bizim çempionata rəng qatacaq. Digər iki komanda hələ ki, rəsmləşməyib, amma bildiyim qədəri ilə namizəd komandalarla da bununla bağlı danışıqlar gedir.
- Bu yaxınlarda Ayxan Abbasov U-21-in baş məşqçisi təyin olundu və belə fikirlər yayıldı ki, U-21 "Şamaxı"nın bazasında formalaşacaq. Gələcəkdə bu metod I Liqada, II Liqada da etmək olarmı? Hansısa komanda U-19-un, U-17-nin bazası rolunu oynasın.
- Yaxşı fikirdi, ola bilər ki, gələcəkdə faydasını verə bilər. Səhv etmirəmsə, vaxtı ilə "Şəfa" klubu da bu məqsədlə yaradılmışdı. Amma "Şamaxı"nın U-21-in bazası olacağına dair məndə heç bir məlumat yoxdur. Ola bilsin Ayxan müəllimdə, AFFA-nın baş katibində bu məlumat var, amma məndə yoxdur. Bildiyim qədəri ilə Ayxan müəllimin təyinatı zamanı belə bir şərt qoyulmamışdı.
- Rövşən müəllim bildirdi ki, yeni mövsümdən Premyer Liqa klublarına ayrılacaq vəsaitin məbləğu azaldılacaq. I Liqa və II Liqa klublarını da bu aqibət gözləyir?
- Məncə, aşaği liqalara ayrılan məbləğ olduğu kimi qalacaq.
Elsevər Muradzadə