
Son hesabat konfransında AFFA-nın prezidenti Rövşən Nəcəf bildirmişdi ki, əgər media ilə münasibətlər sahəsində ali futbol qurumunun problemi olduğu təəssüratı formalaşıbsa, deməli, biz nəyisə kifayət qədər etmirik. Rövşən bəy bu neqativ təəssüratın aradan qaldırılması üçün isə Baş katib Cahangir Fərəcullayevə yerində müvafiq tapşırıqlar verdi.
AFFA-nın media ilə kommunikasiyasından məmnun olmayanlardan biri də mənəm. Futbol terminləri ilə desək, indi Cahangir müəllimə bir "pas ötürmək" istəyirəm.
Media nümayəndəsi olaraq AFFA ilə əsasən iki istiqamətdə ünsiyyət qururam:
İnformasiya sorğuları
Akkreditasiya müraciətləri
İnformasiya sorğuları ilə bağlı indiyədək ciddi problem yaşamamışam – bütün müraciətlərim cavablandırılıb. Bu baxımdan əməkdaşlığa görə təşəkkür düşür. Lakin ikinci bənd barədə eyni fikri söyləmək mümkün deyil. Uzağa getmədən, milli komandanın son yoldaşlıq oyunlarını nümunə göstərə bilərəm. Həmin matçlarda əməkdaşlıq etdiyimiz fotoqrafa akkreditasiya verilmədi və bunun səbəbi ilə bağlı əsaslı, məntiqli bir izahat da təqdim olunmadı.
İddialara görə, matç zamanı qapı arxasında olan fotoqrafların telefondan istifadə etməsi qadağandır. Bildirilib ki, guya əməkdaşımız əvvəlki oyunlardan birində telefonla çəkiliş edib və paylaşım edib. Maraqlıdır bu qadağa hansı qaydalara əsaslanır? Bəlkə də kiminsə təxəyyülünün məhsuludur?
Bəli, Cahangir müəllimə veriləcək cavab hazırdır: “UEFA icazə vermir.” Bizə də bunu deyirlər. Amma istəsəniz, sizə linklər də göndərə bilərəm – UEFA-nın təşkil etdiyi digər daha mötəbər matçlarda fotoqrafların telefonla çəkiliş etdiyi açıq-aşkar görünür. Bildiyimiz qədər, bu çəkilişlərin paylaşımına yalnız zaman məhdudiyyəti qoyulur. Görüntülər 2 dəqiqəni keçməməlidir və paylaşım yalnız 48 saat sonra mümkündür.
Hətta ötən mövsüm “Qarabağ” paylaşımı daha tez etdiyinə görə UEFA tərəfindən cərimələnmişdi. Demək ki, çəkilişə icazə var, amma burada zamanlama qaydası tətbiq olunur. Təəssüf ki, bəziləri bu incəliyi ya səhv başa düşür, ya da ümumiyyətlə başa düşmür.
UEFA-nın həmin konkret bəndini onlardan rəsmi şəkildə tələb etmək lazımdır. Görək, özlərini qayda tətbiq edən kimi göstərən şəxslər bu dəfə hansı arqumentləri irəli sürəcək.
Bir məsələni də vurğulamaq istərdim: son konfrans üçün akkreditasiya müraciətimə cavab tədbirin keçirildiyi gün – gecə saat 01:11-də göndərilib. Yəqin ki, nə demək istədiyimi anladınız...
Elsevər Muradzadə