Cüdoçular arasında insident –
Tuncay Şamil milli komandadan uzaqlaşdırıldı
Azərbaycan Cüdo Federasiyası gənclərdən ibarət milli komandanın Şimali Makedoniyada keçiriləcək Avropa Kuboku ərəfəsində yaşanan insidentlə bağlı məlumat yayıb.
Sportliqa.az xəbər verir ki, Federasiyanın açıqlamasına görə, milli komandanın üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında münaqişə baş verib. Nəticədə hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ Nizam-İntizam Komitəsində araşdırılıb.
Komitə idmançıların yazılı izahatlarını, mövcud faktları, səs yazılarını və onların indiyə qədər nümayiş etdirdikləri davranışları nəzərdən keçirib. Milli komanda rəhbərliyinin təklifləri də qiymətləndirildikdən sonra Tuncay Şamilin cəzası daha ağır olub.
Qərara əsasən, Tuncay Şamil Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə və Azərbaycan Cüdo Federasiyasının Etika Məcəlləsinə zidd davranışlarına görə milli komandanın tərkibindən müddətsiz uzaqlaşdırılıb. Ona beynəlxalq yarışlarda və təlim-məşq toplanışlarında iştirak qadağan edilib.
Federasiya bildirib ki, Tuncay Şamil bundan əvvəl də dəfələrlə daxili qaydaları pozduğu üçün yarışlardan kənarlaşdırılıb.
ACF vurğulayıb ki, idmanda potensial yalnız əxlaq, səbirlilik və intizam üzərində formalaşa bilər və qurum gələcəkdə də cüdonun şərəf kodeksinə sadiq qalacaq.