Azər Bağırov: "Bu gün demək olar ki, heç nə alınmadı"
Misli Premyer Liqasının 16-cı turunda Yevlaxda "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, o, belə danışıb:
- Bu gün demək olar ki, istədiyimiz alınmadı. Bəzən elə olur ki, meydanda güc itirsən də, rəqibin təsirindən çıxa bilmirsən. Mənə elə gəlir ki, komanda ilk dəqiqələrdən "Turan Tovuz"un təsiri altına düşdü. 2-3 gün ərzində planlaşdırdıqlarımızı edə bilmədik. Bunu təbii qarşılayıram. Bəzən 4-5 matçdanbir zəif oyunlar da olur. İstəməzdik ki, bu gün olsun. Əfsuslar olsun ki, uduzduq. Demək olar ki, heç nə alınmadı. "Turan Tovuz"u təbrik edirəm.
- Bu nə ilə bağlı idi? Futbolçuların çemodan əhval-ruhiyyəsi ilə əlaqələndirmək mümkündürmü?
- Yox. Oyuna yaxşı hazırlaşmışdıq. Əslinə qalsa, matçdan öncə futbolçuların motivasiyası da yaxşı idi. Bəzən belə də olur. Bəlkə də mövsümün yorğunluğundandır. Çox çətin oyunlarımız, ağır günlərimiz oldu.
- Rəqibin oyunçular tez-tez yerə yıxılırdılar, siz də bunu narazılıqla qarşılayırdınız. Sanki hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu məqam "Kəpəz"in çıxışına nə dərəcədə təsir etdi?
- Yox, səbəb yalnız bu deyil. Rəhim Həsənov Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunandan sonra bildirdi ki, istəyimiz oyunların tempini qaldırmaqdır. Bəlkə də bu gün rəqib futbolçular 20 dəfədən çox yerdə qaldılar. Belə mənzərənin məşqçilər heyətinə psixoloji təsiri oldu. Bir tərəfdən adam fikirləşir ki, bu da təbii haldır. Amma çox vaxt məqsədləri vaxt aparmaq olur.