Füzuli Məmmədov: "Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı"
Misli Premyer Liqasının 16-cı turunda öz meydanında "Neftçi"yə 1:2 hesabı ilə uduzan "Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, o, belə danışıb:
- Gərgin oyun olacağını bilirdik. "Neftçi"ni yaxşı təhlil etmişdik. Necə oynayacaqlarını bilirdik. Qələbə qazanmaq istəyirdik. Qarşılaşma çətin alındı, məğlub olduq. "Neftçi"ni təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Sonadək mübarizə apardılar. Kiçik səhvlər qələbə qazanmağımıza mane oldu. Nə etmək olar, bu, futboldur. Futbolçularımızda ruh yüksəkliyi hiss olunur. Oyundan-oyuna daha yaxşı səviyyəyə çatacağıq. Oyunçularımızın hər birinə əzmkarlığa görə təşəkkür edirəm. Güclənməli, daha güclü "Karvan-Yevlax" olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq.
- "Karvan-Yevkax"ın bu mövsüm keçirdiyi əksər oyunlarda sona yaxın qol buraxır. Komandanın üstünlüyü əldən verməsinin səbəbini nə ilə izah edərsiniz?
- Səbəb müdafiədə buraxdığımız səhvlərdir. Təzyiq artanda səhvlər də artır. Təhlillər zamanı görürük ki, səhvlərin sayı getdikcə azalır. Məcburuq ki, daha çox işləməklə problemin öhdəsindən gələk.
- Rəqib baş məşqçi futbolçularınızın vaxt uzatdığını vurğuladı...
- Məncə, vaxt uzatmaq yox idi. Bəzi futbolçularımız zədə ilə oynayırdı. Özünüz də gördünüz ki, birinci hissəyə 6, ikinci yarıya 8 dəqiqə vaxt əlavə edildi. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.
- Qışda nələri dəyişmək istəyirsiniz?
- Bəzi mövqelər var ki, gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə mütəmadi olaraq danışırıq. Mütləq güclənməliyik.