Qurban Qurbanov: "Bura "Qarabağ"dır, uşaq bağçası deyil"
"Qarabağ" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. Üç xal yerinə düşdü. "Qəbələ" bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Tsxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.
- Kamilo Duran tez-tez sürüşürdü. Bu, meydançanın durumu ilə bağlı idi?
- Tək Duran yox, çox futbolçu sürüşürdü. Sonradan oyuna girəndə futbolçunun hazırlığı yüksək səviyyədə olmur.
- 2025-ci ili necə dəyərləndirirsiz?
- Çox yaxşı. Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolçu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq.
- İlin ən yaxşı futbolçusu kimi hesab edirsiz?
- Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını desəm, bəlkə də yanlışlığıa yol vermiş olaram. Kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Bəlkə də Bəhlul daha stabil oynadı. Elvin Cəfərquliyevin də yaxşı oyunları oldu.
- Qışda komandanı tərk edəcək futbolçu olacaq?
- Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.
- "Qarabağ" Juninyo üçün rəsmi təklif göndərmişdi?
- Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi.
- Pedro Bikalyonun adı Braziliya klubları ilə hallanır...
- Bəli, təklif olub. Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da "başı" gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir.