AMADA-nın İcraçı direktoru WADA-nın beynəlxalq forumuna qatıldı
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən "Qlobal antidopinq idarəçiliyinin gücləndirilməsi: Uyğunlaşdırma, ardıcıllıq və regional əməkdaşlıq" mövzusunda təşkil olunan beynəlxalq forumda iştirak edib.
Sportliqa.az xəbər verir ki, açılış mərasimində WADA-nın prezidenti Vitold Banka, Özbəkistanın idman naziri Adham İkromov və milli antidopinq agentliyinin direktoru Abduşukur Sodikov çıxış ediblər.
Forumda qarşıdakı illərdə həyata keçiriləcək prioritet vəzifələr müəyyən edilib. Xüsusilə WADA Məcəlləsinin tələblərinə tam uyğunluq, idmançıların sağlamlığının və hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilərək müzakirələr aparılıb.
Beynəlxalq forum çərçivəsində hər bir ölkənin nümayəndələri öz təcrübələri, nailiyyətləri və mövcud problemləri barədə məlumat verib, dopinqə qarşı mübarizədə əməkdaşlıq üçün effektli yollar və imkanları təhlil ediblər.
Tədbirdə 200-dək hökumət rəsmisi, milli antidopinq təşkilatının rəhbəri, yüksək ixtisaslı mütəxəssis və beynəlxalq ekspert iştirak edib.