"Əsas odur qələbə qazandıq" - Ruslan Abışov
"Turan Tovuz" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.
Sportliqa.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev qırmızı vərəqə aldığı üçün komandanın köməkçi məşqçisi Ruslan Abışov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis "Qarabağ"a qarşı keçirilən ağır görüşdən cəmi 4 gün sonra eyni heyətlə meydana çıxdıqlarını və bunun çətinliklərini vurğulayıb. O, meydança və hava amilinə baxmayaraq qələbə qazanmağın vacibliyini qeyd edib.
Abışov komandanın avrokuboklara yollanmaq üçün həm kubok, həm də çempionat yolunu seçdiyini bildirib:
"Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Biz mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik. 4 gün əvvəl "Qarabağ"a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. İndi isə bu matçı unudub "Karvan-Yevlax"la qarşılaşmaya hazırlaşacağıq".